.jpg)
Zarafat eləmirəm, əgər Santuş vəzifə başında saxlanılsaydı, dünən Parisdə biabırçı hesabla növbəti futbol faciəsini yaşayacaqdıq.
Bu dəfə 0:10 deyil, 0:12, 0:15 hesablı məğlubiyyətdən danışacaqdıq.
Ayxan Abbasovu fransızların önünə «avtobus parkı» qurduğu üçün qınayanlar da var, maələsəf! Rəqibin ixtiyarında Kilian Mbappe səviyyəsində bir hücumçunun olmasınından bixəbər kimsələrdir onlar.
Beş-altı oyunçumuzu necə keçib qol vurmasını görməzdən gələnlərdir bu adamlar.
Mbappenin və yoldaşlarının qarşısına ətdən «çəpər» çəkməsəydik, o cür sıx müdafiə olunmasaydıq, ilk 10-15 dəqiqədə üç-dörd top buraxacaqdıq minimum.
Və arxası gələcəkdi, nə gələcəkdi! Həmişə görmüşük də, komandamız erkən qol buraxandan sonra ağ bayraq qaldırıb, ağır məğlubiyyət almışıq.
Mahir Emreli ilə Emin Mahmdovdan savayı, dünən ilk «11-lik»də kimlər varıydısa, hamısı maksimum güc sərf etdi.
Yalnız bu ikili çiyin-çiyinə çıxış elədiklərindən geri qaldı. Emin ayağında top saxlamağa çəkindi, Mahir müdafiəçilərin kölgəsində yoxa çıxdı.
Bəhlul Mustafazadə, Elvin Bədəlov, Abdulla Xaybullayev və Elvin Cəfərquliyevi nədə və necə qınayasan axı..?
Top 70 faiz fransızlarda idi, almaq olmurdu on onladan: mərkəzdən və cinahlardan axın-axın gəlirdilər üstümüzə. Qatar sürətindən istifadə etməyə çalışdılar, 45+2-ci dəqiqəyə kimi birtəhər dözdük.
Mbappenin Messisayaq fərdi reydindən sonra isə edə biləcək bir şey yox idi, zatən. «Real» əbəs yerə ona dünyanın pulunu verməyib.
ELXAN