"Neftçi"nin bir dəyəri var, bir də onu dəyərsizləşdirənlər

29 Fevral 2020 13:40 Köşə 1 038
"Neftçi"nin bir dəyəri var, bir də onu dəyərsizləşdirənlər

Artıq Premyer Liqada qış havası əsmir. Həftələr bir-birini əvəzlədikcə, baharın yaxınlaşması daha çox hiss olunur.

Üçüncü dövrənin ilk 4 turu arxada qalıb, “Neftçi”də isə dəyişən çox şey yoxdur. Komandanın ikinci yerdə qərar tutmaq üçün hər bir əsası var.

Ən vacibi, əsas izləyicilərinin ləngər vurması “ağ-qaralar” üçün müsbət məqamdır. Lakin “Qarabağ”ı təqib etmək üçün lazım olan dəyişiklik, vüsət, hələ ki, görünmür.

Baş məşqçi dəyişikliyindən sonra hiss olunmayan da budur. “Qarabağ”la qarşılaşma nəyisə dəyişə bilərdi, alınmadı və buna cəhd də görmədik. Sonrakı matçlar da mənzərəni dəyişməyib. Bir sözlə, nəyin necə olacağını hiss etmək olmur.

Hərçənd oyunçu potensialı fərqli şey deyir. Hər halda rəqabətə davamlıq və iddialılıq arasındakı fərqlər hiss olunana qədər müsbət bir söz demək çətinlik yaradacaq.

Roberto Bordin «Neftçi»yə bab məşqçi kimliyini heç cür isbatlaya bilmədi. Onun əzəldən nə belə bir fikri var idi, nə də məqsədi. İtalyanın niyyəti pul qazanmaq idi, qazandı. Babat valyuta apardı buradan. Və indinin özündə də bakılılar keçimiş baş məşqçisinə aylıq ödəyir.

Bordini kənara itələyib, yerinə Füzuli Məmmədovu əyləşdirən yönətim son 2 turda toplanan 6 xalla azarkeşi ovundurmağa çalışır, lakin düşərgədə vəziyyət elədir ki, futbolçuların özləri belə, qızıl uğrunda mücadiləni sonadək davam etdirəcəklərinə inanmır. Onları buna inandıra bilən yoxdu, bu üzdən.

Rəhbər şəxslər Füzuli Məmmədovun sadəcə bir «maket» olmadığını göstərmək üçün əlini ağdan-qara vurmayıb. Sanki başda əyləşənlərə bircə bu lazımdır. Elə bil, qəsdən nümayiş etdirirlər ki, Məmmədov heç kimdir, səlahiyyətsizdir, birinci sözü o desə də, son söz özlərinindir.

Bir komandada bu qədər qruplaşma, bu qədər söz-söhbət, bu qədər qarşıdurma olmaz. Olarsa, ondan fələk də baş açmaz. «Neftçi» küləkli havada dənizin qoynuna atılan motorsuz qayığa bənzəyir. Güclü səma yeli onu suyun üzündə atıb-tutur, gah sağa çəkir, gah sola.

Füzuli Məmmədovu legionerlər saymır və bu, rəsmilərlə bahəm, yerli futbolçuların da verdiyi boşluqdur. Heyhat, Emin Mahmudov, Səlahət Ağayev və digərləri də yeni baş məşqçiyə dəyər vermir.

Gələn xəbərlərlə tanış olduqca, sadəcə, dəhşətə gəlirsən və fikirləşirsən: heç bir klubun baş məşqçisi «Neftçi»nin çalışdırıcısı qədər hörmətsiz münasibət görmür.

Xəzər Hikmət

Xəbər Lenti