Bəs, hanı qardaşlıq?

29 May 2022 20:00 Köşə 1 713
Bəs, hanı qardaşlıq?

Azərbaycan Kubokunun həlledici qarşılaşmasından əvvəl yenə alışdığımız nağıl və rəvayətlərlə üz-üzə qalmışdıq.

Finalda “Qarabağ”ın rəqibinin “Zirə” olması şübhələri xeyli artırmışdı.

Ki, “Qarabağ” çempionluğu bayram edib deyə, Qəbələdə zirəlilərin sevinməsinə şərait yaradacaq.

Ki, Qurban Qurbanov özünə kiçik qardaş bildiyi Rəşad Sadıqovun məşqçi kimi ilk tituluna qovuşması üçün çalışacaq. Ki, ölkə futbolu maraqlı alınsın deyə, titullar fərqli komandaların olacaq və sair.

Tərslikdən oyunun əvvəli də yaxşı başlamadı. “Zirə”nin ərazi üstünlüyü matçda ilk qolu gətirdi.

Maksimin kobud səhvi azmış kimi, sürətdə Coşquna uduzması, Kevin kimi “divar”ın Hamidunu boş buraxması, Şahruddinin yaxın küncdən tora qovuşan topu dəf edə bilməməsi sosial şəbəkə platformalarında “partlayış”a səbəb oldu: vəssalam, “Qarabağ” oyunu “verib”!

Abdullahın möhtəşəm zərbə ilə “9-luğ”a sancdığı top tordan sıxmamış şüşbhə fikrinə düşənləri “yuxudan ayıltdı”. Amma hələ tam “ayılmamışdılar”. Çünki qarşıdan uzatma dəqiqələri gəlir, orada qol vurulmur, həyəcan penalti zərbələrinə qədər davm edirdi.

Bu dəfə başqa deyim çıxmışdı ortaya: “Qarabağ” inandırıcı uduzmaq üçün işi penaltilərə daşıyıb, 11 metrlik cərimə zərbələrində qeyri-dəqiqlik göstərəcək.
Yenə düşünülən kimi olmadı. “Köhlən atlar” ölkə kubokunu da qazanmaqla “qızıl dubl”a imza atdı.

Kubokun təltifetməsi zamanı ağlımdakı suallara cavabı kimdən tapacağımı bilmirdim. Özümdən, yoxsa “Qarabağ”ın bilərəkdən uduzacağını iddia edənlərdən?

Bəs, hanı dediyiniz qardaşlıq? Budurmu qardaşlıq?

HƏBİB

Xəbər Lenti