Azərbaycan futbolunda “kişi sözü” virusu

17 Yanvar 2022 16:40 Köşə 1 763
Azərbaycan futbolunda “kişi sözü” virusu

Vaxt vardı ki, Azərbaycanda futbolçularla müqavilə-zad bağlanmırdı.

Eləcə, şifahi razılıq əldə olunurdu, vəssalam. Sonralar müqavilə məsələsi gündəmə gəldi. Komanda rəhbərlərinə dedilər ki, peşəkarlaşmağa məcbursunuz.

Kimə deyirsən... Müqavimət göstərdilər, ikili müqavilələr bağladılar. Futbolçuya 10 manat verdilər, müqavilədə 2 manat göstərdilər.

Niyə edirdilər bunu? Dövləti aldadırdılar. Dövlətin verdiyi vəsaitdən vergi ödəmək istəmirdilər.

Əyyam dəyişdi. Klublarımız Avropaya çıxdılar, dünyanın bütün ölkələrindən Azərbaycana futbolçular gəldi. Lap Afrikadan gələn də peşəkar müqavilə tələb etdi.

Onların tələblərini yerinə yetirmək məcburiyyətində qaldı “istedadlı dələduzlar”. Azərbaycanlı futbolçular isə görüb-götürmək istəmədilər. Yenə də “kişi sözü” ilə oynadılar.

Və gəlib çıxmışıq 21-ci əsrin 22-ci ilinə. Amma hələ də “kişi sözü”nə inananlar var. Hələ də başa düşməyənlər var ki, bizim futbolda “kişi sözü” virusdur.

Azərbaycan futbol tarixinin ən mənasız komandası “Səbail”in futbolçusu Turan Manafov da “kişi sözü”nün zibilinə düşüb.

“Səbail”lə müqavilə bağlayarkən klub rəhbərliyi “kişi sözü” verib ki, xaricdən təklif gəlsə, ona maneə yaratmayacaqlar.

Amma Turan Yunanıstandan təklif alanda klub rəhbərliyi “kişi sözü”nə əməl etməyib. Niyə? Yəqin ki, onun transferindən 5-10 min dollar qatlamaq istəyirlər.

Lap əcəb edirlər. Bütün komandalar futbolçunun satışından qazanc götürməyi düşünür, o cümlədən “Səbail” də. Bu məsələyə görə komanda rəhbərliyini qınamayacağam.

Günahkar futbolçudur. Hələ də “kişi sözü”nə inanan futbolçu. Peşəkar olmaq istəməyən, agentlə əməkdaşlıq etməyən futbolçu.

Belə futbolçuların Avropada nə işi var axı? Onlar ora gedən kimi başlarını itirəcəklər. Oralarda “kişi sözü” yoxdur.

Oralarda peşəkar müqavilə, peşəkar rəhbərlik, peşəkar futbolçular var. Müqavilə bağlanır və hər kəs öz vəzifəsini yerinə yetirir.

Ona görə də Turan Manafov elə karyerasını “Səbail”də davam etdirsə yaxşıdır. “Səbail” ona, o da komandasına babdır. Şouya nə ehtiyac? “Kişi sözü” ilə işə davam.

Natiq Muxtarlı

Xəbər Lenti