Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk məşqçi dəyişikliyi gerçəkləşdi.
"Kəpəz"dən ayrılan Adil Şükrovun boşaltdığı posta Azər Bağırov təyinat aldı.
Ötən mövsüm "Araz Naxçıvan"la yaxşı işlər görən çalışdırıcının burada işi az olmayacaq.
Söhbət ardıcıl 5 oyunda məğlub olan, qapısından 15 qol buraxan bir komandadan gedir.
Əksəriyyət artıq indidən bölgə klubunun mövsümü sonuncu pillədə bitirəcəyini proqnozlaşdırır.
Maraqlıdır, belə şərtlər altdında onu bügünkü "Kəpəz"lə bağlı xoş gələcəyə ümidləndirən nə oldu ki, aldığı təklifə müsbət yanaşdı?
Sorğumuza cavab olaraq Azər müəllim bunları dedi:
"Çətinliklərə sinə gəlməyə öyrəşmişəm. Bəlkə də bir az pauza götürüb, başqa klublardan təklif gözləyə bilərdim.
Amma "Kəpəz" futbolun beşiyi olan Gəncəni təmsil edir. Burada olmaq şərəfdir.
Hamılıqla birləşib komandanı bu durumdan çıxarmalıyıq. Bütün azarkeşlər, gəncəli futbolsevərlər əl-ələ verib məqsədə çatmalıyıq.
Çünki Gəncəyə böyük futbol yaraşır. Buranın böyük futbol ənənələri var.
Tək öz gücümlə deyil, gəncəli futbolsevərlərin dəstəyilə vəziyyətdən çıxacağıq. Bəli, 5 oyunda 5 məğlubiyyət və buraxılan 15 qol var.
Göstərici insanda mənfi emosiyalar yarada bilər. Lakin mənim üçün bu bir çağırışdır, mücadilədir.
İnanıram ki, hamılıqla bu yükün öhdəsindən gələcəyik".
XANOĞLAN / SPORTİNFO.AZ