FHN-dən ermənilərin Daşkəsəndə törətdiyi yanğınla bağlı MƏLUMAT

26 Oktyabr 2020 17:03 Hadisə 319
FHN-dən ermənilərin Daşkəsəndə törətdiyi yanğınla bağlı MƏLUMAT

Xəbər verdiyimiz kimi, Ermənistanın atdığı mərmilər nəticəsində döyüş zonasından kənarda yerləşən meşəlik ərazidə yanğın başlayıb.

Sportinfo.az xəbər verir ki, hadisə ilə bağlı Fövqəladə Hallar Nazirliyi də məlumat yayıb.

Qeyd edilib ki, döyüş zonasından kənarda yerləşən Daşkəsən rayonunun ərazisi Ermənistan ərazisindən mərmi atəşlərinə məruz qalıb. Nəticədə, meşəlik ərazidə yanğın başlayıb.

Yanğının söndürülməsi məqsədilə əraziyə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Regional meşə təsərrüfatı mərkəzinin əməkdaşları cəlb olunub.

Yanğın mürəkkəb relyefli dağlıq ərazidə baş verdiyindən və texnikanın tətbiqi mümkün olmadığından onun söndürülməsi, əsas etibarilə əl əməyindən istifadə edilməklə həyata keçirilir. Hazırda yanğının geniş əraziyə yayılmaması və söndürülməsi istiqamətində təxirəsalınmaz tədbirlər davam etdirilir.

Fövqəladə Hallar Nazirliyi hazırda gücləndirilmiş iş rejimində fəaliyyət göstərir. Baş verən hər hansı fövqəladə hadisə ilə əlaqədar Nazirliyin “112” qaynar telefon xətti”nə dərhal məlumat verilməsi xahiş olunur.

Digər Xəbərlər
Xəbər Lenti