"Qarabağ" ehtiyat etdiyimiz "Braqa"nın çiyinlərini səfər matçında yerə qoydu.
"Köhlən atlar"ın rəqib qapısından 4 top keçirəcəyi bəlkə də heç kimin ağlına gəlməzdi.
Lakin bu, baş verdi. Ağıllı oyunu ilə diqqət çəkən ağdamlılar yekunda 4:2 hesablı qalibiyyətə sevindi.
Hələ qarşılaşmanın gedişində "Munisipal"a toplaşan yerli azarkeşlərin narazılığını görmək çətin deyildi. Ağ salfetləri havaya qaldıran fanatların hərəkəti təslim olmaq mesajı idi.
Böyük əksəriyyət hakimin final fitini gözləməmiş arenanı tərk etdisə, forza fanatlar futbolçulardan haqq-hesab tələb etməyi özlərinə borc bildilər.
Narazılıq dalğası klubun sosial şəbəkə hesablarında da aşkar görünməkdədir. 2:4 hesablı yenilgidən sonra "Braqa"sevərlərin şərhlərini oxumağa dəyər:
"Qarabağ"ın haqqını vermək lazımdır. Layiqli qələbə qazandılar. Səfərdə ikiqat çətin olacaq".
"Böyük hədəflərdən, inkişaf xəttindən danışan komanda Azərbaycan təmsilçisindən 4 top buraxırsa... Şəxsən deməyə söz tapmıram".
"Bu gün sizi məhv etdilər. "Real Madrid"ə, "Napoli"yə qarşı oynayan komanda hanı? "Qarabağ" oyuna sizdən yaxşı hazırlaşmışdı və layiq olduğu qələbəni qazandı".
"Sportinq", indi də "Qarabağ". Bakıda nə edəcəksiniz, görəsən?"
"Bir həftə sonrakı növbəti biabırçılığın ardınca baş məşqçinin istefasını gözləyirəm".
"Artur Jorje, sən bu cür komandanın yerə gömülməsinə şərait yaratdın. Rədd ol buradan!"
"Azərbaycan təmsilçisinə uduzmaqla "Braqa"nın həvəskar komanda olduğunu göstərdiyiniz üçün sizə təşəkkür edirəm".
"Gedin dua edin ki, "Qarabağ" 5-ci qolu vura bilmədi. Bacarıqsızlar!"
Komandalar arasındakı cavab qarşılaşması fevralın 22-də keçiriləcək. Tofiq Bəhramov arasında baş tutacaq oyun saat 21:45-də start götürəcək.
HƏBİB / SPORTİNFO.AZ

