AFFA millinin və “Kayzerslautern”in hücumçusu Mahir Emreli ilə bağlı vloq hazırlayıb.
Sportinfo.az xəbər verir ki, yığmanın toplanışında yer alan forvardın düşərgədəki bir günü haqqında çəkilmiş videoçarx AFFA-nın rəsmi “YouTube” kanalında paylaşılıb.
Mahir Emreli 2025-ci ilin yayında II Bundesliqa təmsilçisi “Kayzerslautern”lə 3 illik rəsmi müqavilə imzalayıb.
Azərbaycanlı forvard artıq geridə qalmış mövsümdə zədə və oyun praktikasının azlığından əziyyət çəksə də, komandasının heyətində ümumilikdə 13 rəsmi oyuna çıxıb və 2 qola imza atıb.
O, “Kayzerslautern”ə keçməzdən əvvəl Almaniyanın digər tanınmış klubu – əfsanəvi Miroslav Klozenin baş məşqçilik etdiyi “Nürnberq”də də forma geyinib. Burada meydana çıxdığı 25 rəsmi matçda 11 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
“Bakı”nın yetirməsi olan 28 yaşlı hücumçu zəngin karyerası ərzində ölkəmizdə “Qarabağ”, eləcə də legioner həyatı yaşayaraq “Legiya” (Polşa), “Konyaspor” (Türkiyə) və “Dinamo” (Zaqreb, Xorvatiya) kimi klubların da şərəfini qoruyub.
Millinin heyətində rəsmi və yoldaşlıq oyunları daxil olmaqla ümumilikdə 60 matçda iştirak edib, 6 qol vurub və 3 məhsuldar ötürmə müəllifi olub.

