Bakıda keçirilən “Football Conference Baku” futbol sənayesinin müxtəlif istiqamətlərini əhatə edən müzakirələrlə yadda qaldı.
İki gün davam edən konfransda futbolun inkişaf prioritetləri, federasiya və klub səviyyəsində idarəetmə modelləri, gənc futbolçuların inkişafı və uzunmüddətli strategiyalar müzakirə edildi.
Sessiyalarda müasir futbolun ən aktual mövzularından olan skautinq və transfer siyasəti, oyunçu seçimi prosesləri və transfer bazarındakı yeni tendensiyalar ətrafında fikir mübadiləsi aparıldı.
Konfrans iştirakçıları həmçinin məşqçilərin, klub rəhbərlərinin və aparıcı futbolçuların komanda daxilində görünməyən liderlik rollarını, region ölkələrində futbolun inkişaf perspektivlərini və klublarla federasiyalar arasında əməkdaşlıq imkanlarını dəyərləndirdilər.
Müzakirələrin mühüm hissəsini müasir transfer bazarının idarə olunması, futbol qərarlarının qəbulunda rəhbərlik faktorları, eləcə də süni intellekt və məlumat analitikasının skautinq, transfer və performans qiymətləndirilməsində rolu təşkil etdi.
Sessiyalarda müasir futbolun artan fiziki tələbləri, oyunçuların bərpa prosesi və performansın idarə olunması, futbol agentləri arasında rəqabət və əməkdaşlıq münasibətləri, eləcə də futbolun ekoloji, sosial və iqtisadi baxımdan dayanıqlı inkişafı mövzuları da geniş şəkildə müzakirə olundu.
“Football Conference Baku” yerli və xarici mütəxəssisləri bir araya gətirərək, futbolun gələcəyi ilə bağlı fikir mübadiləsi və yeni əməkdaşlıq imkanları üçün vacib platforma rolunu oynadı.
SPORTİNFO.AZ

