“Turan Tovuz”la bağlı hadisə ölkə gündəmini zəbt edib.
Mövsümü 3-cü pillədə başa vuraraq Konfrans Liqasına vəsiqə qazanan və mübarizəyə 2-ci mərhələdən başlamaq imkanı yaxalayan bölgə təmsilçisi ağır sanksiya ilə üzləşib.
UEFA-dan kluba göndərilən məktubda “Turan Tovuz”un 2026/27-ci illər avrokubok mövsümündən kənarlaşdırıldığı bildirilib.
Buna səbəb 2019-cu ildə aşağı dəstədə mübarizə aparan komandanın 7 futbolçusunun danışılmış oyunlarda iştirak etməsi və futboldan uzaqlaşdırılmasıdır. “Turan Tovuz” indi bunun cəzasını çəkir.
Klub rəhbərliyi UEFA-nın çıxardığı qərarı ləğv etməsi üçün İdman Arbitraj Məhkəməsinə (CAS) müraciət etməklə Konfrans Liqasında çıxış etmək istəyir. Yaxın günlərdə qərarın açıqlanacağı gözlənilir.
“Turan Tovuz”un CAS-a müraciət etdiyi dönəmdə tanınmış və dayanıqlı internet portallarından olan “wikipedia” Konfrans Liqasının 1-ci mərhələsində Azərbaycanı təmsil edəcək klub kimi “Zirə”ni, 2-ci mərhələdə iştirak edəcək klub qismində isə “Neftçi”ni göstərib.
Konfrans Liqasının 2026/27 mövsümünün təqvimi, iştirakçı adları, qaydaları və müxtəlif məlumatlar barədə sözügedən sayta girən milyonlarla oxucu-izləyici “Turan Tovuz”un əvəzinə “Zirə”nin adı ilə tanış olur.
UEFA-nın çıxardığı sanksiya qərarının hazırda qüvvədə olmasına görə vəziyyət belədir. CAS fərqli qərar qəbul etsə, saytda ad dəyişikliyi ediləcək.
HƏBİB / SPORTİNFO.AZ

