Ölkə başçısı hər zaman kənd təsərrüfatı sahəsinin inkişafını prioritet məsələ kimi diqqətdə saxlayıb.
Aqrar sektorda sahibkarlara güzəştli kreditlərin verilməsi üçün əlverişli şəraitin yaradılması, fermerlərin investisiya imkanlarının artırılması və innovativ texnologiyalara çıxışının təmin olunması dövlət siyasətinin əsas istiqamətlərindən biridir. Bu addımlar kənd təsərrüfatında dayanıqlı inkişafı və iqtisadi artımı stimullaşdırır.
Məlum olduğu kimi, Prezident kənd təsərrüfatında güzəştli maliyyələşdirmə barədə bir sıra məsələlərin tənzimlənməsi və bununla əlaqədar bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalayıb.
Fərmanla, kənd təsərrüfatı məhsullarının istehsalı xərclərinin (kənd təsərrüfatı istehsal vasitələrinin, o cümlədən mineral gübrə, biohumus, sertifikatlı toxum və pestisidlərin alınması, həmçinin aqrotexniki xidmətlərdən istifadə) maliyyələşdirilməsi məqsədilə müvəkkil təşkilatların (lizinq təşkilatları istisna olmaqla) vəsaiti hesabına sahibkarlıq subyektlərinə 1 il müddətə qədər verilən kreditlərin əsas borcu üzrə hesablanmış faizlərin Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdiriləcək hissəsinin ödənilməsi Agentliyə dövlət büdcəsindən bu məqsədlə ayrılmış vəsait hesabına təmin edilir.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vüqar Bayamov oxu24.com-a açılamasında bildirib ki, sözügedən fərman aqrar sektorun inkişafı baxımından çox vacibdir:
“Məhz aqrar sektora kreditlər verilən zaman kredit faizlərinin bir hissəsi Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin vəsaiti hesabına maliyyələşdirilir. Eyni zamanda, 2026-cı ilin dövlət büdcəsindən kənd təsrrüfatı məhsulları istehsalçılarına subsidiyaların ödənilməsi məqsədi ilə 10 milyon manatlıq vəsaitin ayrılması nəzərdə tutulub. Həmin vəsaitdən eyni zamanda kredit faizlərinin maliyyələşdirilməsi üçün istifadə olunması planlaşdırılıb.

