“Yuri Nikolayeviçlə çox yaxşı münasibətim var. İllərin dostları, tanışlarıyıq”.
Bu sözləri Sportinfo.az-a açıqlamasında “Araz-Naxçıvan”ın yeni baş məşqçisi Andrey Demçenko deyib.
Mövsüm başlayanda Premyer Liqada ukraynalı məşqçinin adına rast gəlmək mümkün deyildisə, artıq onların sayı ikidir.
Biri “Neftçi”ni çalışdıran Yuri Vernidub, digəri Naxçıvan təmsilçisinin baş məşqçisi Demçenko.
Maraqlıdır ki, adları çəkilən mütəxəssislər bir-birinə çox yaxındır. Eyni şəhəri təmsil etmələri də maraqlı faktdır.
Andrey Anatolyeviçi dinləyək:
“Hər ikimiz Zaporojye şəhərini təmsil edirik. Vaxtilə futbolçu kimi eyni komandada - “Metallurq”da top qovmuşuq.
Yuri Nikolayeviç karyerasını başa vurmaq üçün “Metallurq”a gələndə, mən komandada idim. Məşqçi kimi o, “Zarya”da işləyəndə, mən “Metallurq”da idim.
Hər ikimiz eyni şəhərin komandalarında çalışırdıq. Baş məşqçi qismində isə bir dəfə qarşılaşmışıq.
Deməyim odur ki, aramızda çox yaxşı münasibət var, bir-birimizə dərin hörmət bəsləyirik. Özümü Yuri Nikolayeviç kimi təcrübəli məşqçiyə qarşı sınamaq hər zaman xoşdur.
Ölkə xaricində baş məşqçi kimi “Araz-Naxçıvan” – “Neftçi” oyunu ilk duelimiz olacaq”.
Komandalar arasındakı sözügedən qarşılaşma 18-ci tura təsadüf edəcək ki, fevralın 1-də “Liv Bona Dea Arena”da baş tutacaq.
HƏBİB

