
Premyer Liqa klublarının yeni transferləri arasında diqqət çəkənlərdən biri Gavi Tompsondur.
“Qəbələ” ilə ilk matçda meydanda ən fəallardan olan nigeriyalı yarımmüdafiəçi “Kəpəz”lə qarşılaşmada (3:2) qəhrəmana çevrildi.
“Karvan-Yevlax”ın üzvü komandasının xeyrinə penalti qazandı, ardınca rəqib qapısına baxımlı qol vurdu.
Tompson suallarımızı cavablandırıb.
- Bu qələbə sənin üçün nə deməkdir?
- Azərbaycanda ilk qələbə sevincim oldu. Sevinirəm ki, vacib qalibiyyətdə pay sahibi olmağı bacardım. Həftəboyu çox çalışmışdıq. Bilirdik ki, əsas rəqiblərimizdən birinə qarşı oynayırıq və daha çox güc sərf etməklə istəyimizə çata bilərik. Hədsiz sevincliyəm.
- “Kəpəz”i hansı keyfiyyətlərdə üstələdiniz?
- Planımız ehtiyatımızı gözləyərək rəqibin səhv edəcəyi anı gözləmək idi. Vurduğumuz qollar zamanı onları səhv etməyə məcbur etdik. Planımız baş tutdu.
- 2 oyunda qazanılan 4 xalı əla başlanğıc kimi dəyərləndirmək olar?
- Əlbəttə. Yeni formalaşmış komanda üçün yaxşı nəticədir. Lakin oyun planında kifayət qədər problemlərimiz var. Futbolçuların keyfiyyətini görən adam kimi daha yaxşı şeylər edə biləcəyimizi deyərdim. 4 xal bizə heç nə vermir. Çünki qarşıda bizi daha çətin rəqiblərlə oyunlar gözləyir.
- Bu nəticələrlə sanki güclü rəqiblərə “biz də varıq” mesajını verirsiniz.
- Mesaj göndərmirik, sadəcə, layiqli komanda olduğumuzu göstərməyə çalışırıq. Bir də ki, başqa komandalar barədə yox, öz çıxışımız barədə düşünürük. İstədiyimiz futbolu göstərsək, işimiz rahat olacaq.
- Məqsəd Premyer Liqadakı yeri qorumaqdır, yoxsa yüksək pillələr uğrunda mübarizə aparmaq niyyətindəsiniz?
- Yeni komanda oldiuğumuzu nəzərə alsaq, təbii ki, hədəf Premyer Liqada qalmaqdır. Bunu bacarandan sonra gələcəkdə ciddi məqsədlər barədə düşünmək olar.
- Oyunlar zamanı kifayət qədər rahat və faydalı görünürsən. Sanki uzun illərdir Azərbaycanda top qovursan. Uyğunlaşmaya ehtiyac duymadın?
- Məni bura komandama kömək etmək üçün dəvət ediblər. Qeyri-adi heç nə etmirəm. Sadəcə, nə bacarıramsa, meydanda qoymağa çalışıram. Texniki imkanlarım və sürətim bəzi anlarda mənə yardım edir.
- Penalti qazandın, qol vurdun, lakin bəzi epizodlarda ötürmə verməklə bağlı paxıllıq edirdin. Qolların sayını artırmaq üçün belə edirdin?
- (gülür) Bu, oyun epizodundan və həmin an nə hiss etməyimdən asılıdır. İçimdən ötürmə verməklə bağlı səs gələndə bunu edirəm. Lakin bəzən hiss edirəm ki, fərdi şəkildə nəsə etmək lazımdır. Yaxşı nəsə etmək istəyirəm. Bəzən alınır, bəzən yox.
- Futbolumuz və ya çempionatımız səni təəccübləndirir?
- Belə deməzdim. Çünki bura gəlməmişdən əvvəl müəyyən məlumatlara sahib idim. Litvada komanda yoldaşım olmuş Aleks Souza xeyli vaxtdır Azərbaycanda top qovur (“Turan Tovuz”un hücumçusu – H.). Onunla tez-tez danışırdım və mənə Premyer Liqa barədə xoş sözlər deyirdi. Bilirdim ki, güclü rəqabət olan yerə gedirəm.
- Litva demişkən, iki dəfə bu ölkədə, bir dəfə də İsraildə legioner həyatı yaşamısan. Tez-tez klub dəyişməyinin səbəbini bilirsən?
- Tək futbolda yox, həyatda da sabah nə olacağını bilmirik. Bəzən nəsə səni razı salmır, bəzən özünü daha rahat hiss edəcəyin yerə getmək istəyirsən, bəzən istədiklərini edə bilmirsən.
- Litva və Azərbaycan elitalarını müqayisə etsək?
- Ciddi fərq olduğunu deməzdim. Hərəsinin öz üstünlükləri var. Lakin nədənsə mənə elə gəlir ki, Azərbaycan çempionatı mənə daha uyğundur. Həm də burada “Qarabağ”, “Neftçi” kimi rəqiblərə qarşı oynamaq imkanı var.
- “Karvan-Yevlax”ı seçməyində iddialı klubların diqqətini çəkmək hədəfi rol oynadı?
- Heç bir futbolçu yerində dayanmaq istəmir. Hər birimiz güclü komandalarda oynamaq istəyirik. Bu, normaldır. Lakin bu dəqiqə “Karvan”dan başqa heç nə haqda düşünmürəm. Komandama fayda verim, hədəfə çataq, gələcəkdə nə olacağına baxarıq.
- Rəqiblərinizi Yevlaxda yox, Şamaxıda qəbul edirsiniz. Bu məqam siz futbolçuları nə dərəcədə narahat edir?
- Əlbəttə, psixoloji duruma ciddi təsiri var. Çünki öz stadionumuzda, doğma azarkeşlərimizin qarşısında oynayıb onların dəstəyini hiss etmək istəyirik. Bildiyimə görə, işlər yekunlaşmaq üzrədir. Yəqin ki, ən qısa zamanda Yevlaxda oynayacağıq.
HƏBİB / SPORTİNFO,AZ