Qurban Qurbanovu bu sözü dilinə gətirməyə məcbur edən:  Onun ədavəti nəymiş? - VİDEO

1 İyun 21:40 Hadisə 2 095
Qurban Qurbanovu bu sözü dilinə gətirməyə məcbur edən:  Onun ədavəti nəymiş? - VİDEO

«Qarabağ»ın «qızıl dubl» planı bu il dolmadı.

Ötənilki nəticə təkrarlanmadı.

Ölkə kubokunun dünənki finalı sanki avrokuboklardakı uğursuzluğun son mismarı idi, o da taxtaya vuruldu.

«Qarabağ» Sumqayıta arxayın gəlməyin acısını yaşadı. «Sabah» üzərində asan qələbəyə o qədər inanmışdılar ki…

Əlavə vaxta hazır deyildilər. İşi 90 dəqiqə ərzində, ondan da tez bitirəcəklərinə adları kimi əmin idilər.

Final fitindən əvvəl qələbəyə inanmaq olar e, amma matçdan öncə, hələ paltardəyişmə otağından çıxmamış kuboku qucaqlamış kimi duyğulara qapılmaq, onun əsiri olmaq böyük təhlükədir.

«Qarabağ» cəbhəsində «Sabah»ı ciddiyə alanlar var idisə, bu, Qurban Qurbanov və köməkçilərindən başqaları deyildi. Onlar da İnqilab Məmmədovla düz gəlmədi.

Referi oyunu oyunun statusuna bab idarə etmədi. Hər iki tərəfi özündən narazı saldı. Qurbanovun və yardımçılarının şikayəti yersiz deyildi.

O, «Qarabağ»ın hesabda 2:1 olduğu vaxt Tellur Mütəllimovun Abdulla Zubirə qarşı kobuduğunu sarı vərəqəylə qiymətləndirməklə, ədalət tərəzəsinin gözünü bir tərəfə əydi.

Bu, məlum Azərbaycan - Lüksemburq matçındakı hadisənin eynisi idi. Tellur onda da topa gecikərək, rəqibini karate fəndi ilə yerə sərmiş və birbaşa «qırmızı» almışdı.

Adətən, belə oyunlarda hakimlər «vobank» getmir, komandalardan birinə aşkar simpatiya bəsləmirlər. Belə niyyətləri olanda da bunu müəyyən foullar, mübahisəli epizodlar üzərindən edirlər.

Ayrı-ayrı məqamlarda fərqli qərarlar verməklə, qələbəsini arzulamadıqları komandanın əsəblərini tarıma çəkirlər.

«Qarabağ»ın məşqçi korpusu İnqilabın fikrini tez tutduğu üçün ona sərt reaksiya göstərdilər. Elçin Rəhmanov və Müşviq Hüseynovun referiyə təhqir yağdırdığını eşitmədim.

Əgər buna görə cəzalandılarsa, yenə heç birini qınamıram. Yaxşı at heç vaxt özünə qamçı vurdurmaz. İnqilab dünən Sumqayıtda bir gözünü qan örtmüş yabı yerinə qoydu.

O, bu səviyyədə komandaların oyununu idarə edəcək qədər normal hakim deyil.

İnqilab Məmmədovun maksimum yeri çimərlik futboludur. Nəinki Premyer Liqa, I Liqa və II Liqa da onun üçün çoxdur.

KAMİL

Digər Xəbərlər
Xəbər Lenti