OLİMPSPORT "Qızıl 10-luq" idman mükafatının təqdimat mərasimi keçirilib

14 Mart 22:40 Hadisə 229
OLİMPSPORT "Qızıl 10-luq" idman mükafatının təqdimat mərasimi keçirilib

Azərbaycan Memarlıq və İnşaat Universiteti, OLİMPSPORT jurnalı ilə birgə idman ailəsinin tanınmış üzvlərini bir araya gətirib. Tələbələrin də iştirak etdiyi tədbirin təşkilində əsas məqsəd gənc tələbələrin sağlam həyat tərzinə və idmana marağını artırmaq olub. Eyni zamanda ənənəvi olaraq OLİMPSPORT jurnalı tərəfindən keçirilən 2023-cü ilin "Qızıl 10-luq" idman sorğusunun qaliblərinin mükafatlandırılma mərasimi baş tutub.

Sportinfo.az xəbər verir ki, əvvəlcə tədbirin təşkilatçılarından olan Azərbaycan Memarlıq və İnşaat Universitetinin sosial məsələlər və ictimaiyyətlə əlaqələr üzrə prorektoru Orxan Naqdiyev çıxış edərək, tədbirin mahiyyətindən söz açdı. O, Azərbaycanda idmana göstərilən dövlət qayğısından bəhs edən fikirlər səsləndirdi. Orxan müəllim Azərbaycan Memarlıq və İnşaat Universitetinin rektoru professor Gülçöhrə Məmmədovanın tələbələrin idmanla məşğul olması üçün yaratdığı şəraiti də xüsusi vurğuladı.

Daha sonra söz OLİMPSPORT jurnalının baş redaktoru Ramin Allahverdiyevə verildi. AzMİU-nun İdman Klubunun rəhbəri Ramin Allahverdiyev belə bir tədbirin keçirilməsində əməyi olan AzMİU rəhbərliyinə öz minnətdarlığını bildirdi. O, nominantları təbrik edərək OLİMPSPORT jurnalının yaşamasında onların da səbəbkar olduğunu dilə gətirdi.

Çıxış edənlər arasında jurnalın fəxri redaksiya heyətinin üzvü əməkdar jurnalist Aslan Şirəliyev, "Neftçi" İdman Klubu İctimai Birliyinin sədri Sadıq Sadıqov, ADBTİA-nin baş müəllimi Hicran Şərifov, İdman tv-nin şöbə rəisi, əməkdar jurnalist Fikrət Adıgözəlli, sərbəst güləş üzrə U20 millinin baş məşqçisi Arif Abdullayev, beynəlxalq dərəcəli hakim Tural Əliyev, yunan-Roma güləşi üzrə "Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən Həsrət Cəfərov, yunan-Roma güləşi üzrə millinin məşqçisi Həsən Əliyev, "Qarabağ" Futbol Klubunun üzvü Bəhlul Mustafazadənin atası Ələmdar Mustafayev və ADBTİA-nın dekan müavini dosent Novruz Əsgərov tələbələr qarşısında nitq söyləyiblər.
Sonda "Qızıl 10-luq" Mükafatı aşağıdakı nominantlara təqdim olunub.

"İlin idman hadisəsi" - Xankəndi şəhərində keçirilən "Qarabağ" - MOİK oyunu,
"İlin idman təşkilatı" - "Neftçi" İdman Klubu İctimai Birliyi,
"İlin idman müəllimi" - Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının baş müəllimi Hicran Şərifov,
"İlin idman jurnalisti" - İdman tv-nin şöbə rəisi Fikrət Adıgözəlli,
"İlin idman hakimi" - güləş üzrə beynəlxalq dərəcəli hakim Tural Əliyev,
"İlin idman kanalı" - CBC Sport,
"İlin komandası" - Yunan-Roma güləş millisi,
"İlin idman xadimi" - Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi Arif Abdullayev,
"İlin idmançısı" - Paris-2024" Yay Olimpiya Oyunlarına vəsiqə əldə edən Həsrət Cəfərov,
"İlin futbolçusu" isə "Millinin və "Qarabağ" ın üzvü Bəhlul Mustafazadə seçilib.

Sonda xatirə şəkili çəkilib

Digər Xəbərlər
Xəbər Lenti