Bakıda idmançını hamının gözü qarşısında döyüb küçədə sürüdülər: "Niyə qadınla..."

10 Mart 21:15 Hadisə 1 387
Bakıda idmançını hamının gözü qarşısında döyüb küçədə sürüdülər: "Niyə qadınla..."

Bakının Sabunçu rayonunda 1997-ci il təvəllüdlü Rövşən qonşusu Ramilə (adlar şərti verilib – red.) xəsarət yetirib.

Rövşən şəxsiyyəti müəyyən edilməmiş iki nəfərlə qabaqcadan əlbir olub 12 iyul 2021-ci il saat 21 radələrində qonşusu Ramilin yaşadığı Savalan qəsəbəsindəki evinə gəlib.

O və digər şəxslər səbəb olmadan Ramilin çənə nahiyəsinə yumruq zərbələri endiriblər. Zərbələr nəticəsində yerə yıxılmış Ramili həmin ünvanda yerləşən “Humay” marketin qarşısına qədər yerlə sürüyüblər. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetiriblər.

İstintaq orqanı tərəfindən Rövşənin barəsində Cinayət Məcəlləsinin 126.2.1 (iki və ya daha çox şəxsə qarşı, habelə təkrar və ya bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.3 (xüsusi amansızlıqla, o cümlədən zərərçəkmiş şəxsə ağır iztirablar verməklə və ya sifarişlə, habelə təqsirkar üçün aşkar surətdə köməksiz vəziyyətdə olan şəxsə qarşı qəsdən sağlamlığa ağır zərər vurma), 126.2.4 (ümumi təhlükəli üsulla, xuliqanlıq niyyətilə qəsdən sağlamlığa ağır zərər vurma) və 221.3-cü (silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunan xuliqanlıq törətmək) maddələri ilə ittiham elan edilib.

Cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Məhkəmədə ifadə verən Rövşən ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində göstərib ki, zərərçəkmiş şəxs onun qeyri-rəsmi yaşadığı həyat yoldaşı Samirənin qarşısını kəsib və ünvanına təhqiramiz sözlər işlədib: “Buna 4-5 qonşumuz da şahid olublar. Bundan bir saat sonra həyat yoldaşım mənə zəng edərək bu barədə məlumat verdi. Mən evə gələndə Ramilin “Humay“ mağazasının yanında avtodayanacaqda dayandığını gördüm. Ona dedim ki, sözün varsa, mənə de, qadınla nə işin? Ramil “əcəb etmişəm” cavabını qaytardı. Onunla dartışdıq, sonra hər kəs öz evinə getdi.

Təxminən 10-20 dəqiqə sonra Ramil evdən bıçaq götürərək qapımıza tərəf gəldi. Mənimlə qapı arasında 10 metr məsafə olardı. Həyat yoldaşım aramıza keçdi. Ramil əlində bıçaq söyə-söyə yaxınlaşdı və Samirəni bıçaqla vurdu. Bunlar qonşuların gözü qarşısında baş verib”.

Təqsirləndirilən şəxs qeyd edib ki, Ramil Samirəni bıçaqla vurduqdan sonra o, cəld yerdən daş götürüb və onu daşla vuraraq əlindəki bıçağı alıb: “Ramili vurandan sonra silkələndi və özünü itirdi. Başı üstə yerə dəydi. Gecə Samirəni təcili tibbi yardımla xəstəxanaya göndərdik. Özüm isə 14-cü polis bölməsinə Ramilin hərəkətləri barədə şikayət ərizəsi yazdım.

Hadisə vaxtı Ramili özümü müdafiə etmək üçün vurmuşam. O, əlində bıçaq bizim üzərimizə gəldikdə, özümü itirdim. Samirəni vurandan sonra məni də bıçaqlayacağını fikirləşdim. Mən həm özümü, həm həyat yoldaşımı müdafiə etmişəm”.

Təqsirləndirilən şəxsin ifadəsinə görə, Ramilin adlarını çəkdiyi Turan və Əli adlı şəxslər hadisə vaxtı orada olmayıblar: “Lakin hadisədən əvvəl “Humay” marketin yanında Ramillə mübahisəmiz zamanı Turan bizi kənardan görüb. Əli də həmin yerdə olub. Onlar Ramilə qarşı heç nə etməyiblər”.

Məhkəmədə təqsirləndirilən şəxsin ibtidai istintaqa verdiyi ifadəsi elan olunub. Həmin ifadədən məlum olur ki, Ramil hərbi xidmətdən qayıdandan sonra müxtəlif yerlərdə fəhlə və mühafizəçi kimi işləyib, güləş və K1 adlı döyüş idman növləri ilə məşğul olub: “Samirəni 5 ildir tanıyıram və həmin vaxtdan qeyri-rəsmi nikahda ər-arvad kimi yaşamışıq. Samirə “Savalan” yaşayış massivində özünə məxsus evdə 3 uşağı ilə birlikdə qalırdı.

Təxminən 3 il əvvəl Samirənin yaşadığı məhəlləyə Ramil adlı oğlan köçdü. O, həmin küçədə Samirənin keçmiş həyat yoldaşının qardaşına məxsus evdə kirayədə yaşayırdı. Çox yaxın münasibətim olmasa da, qonşu kimi müəyyən münasibətlərimiz vardı.

Təxminən bir il bundan əvvəl Samirənin evinə gələndə onun Ramillə evin qarşısında dayanıb söhbət etdiklərini gördüm. Həmin gün mənim ad günüm idi. Samirənin evinə mənim ailəvi tanışlarım da yığışmışdılar. Ramillə Samirənin söhbətlərinə müdaxilə etdim. Başa düşdüm ki, Ramil evimizdə olan şənliklə əlaqədar yaranmış səs-küyə görə narazılığını bildirir. Ona qadına yox, mənə sözünü deməyi məsləhət gördüm. Onunla bir qədər kənara çəkilib anlaşılmazlığı aradan qaldıraraq barışdıq. Bundan sonra Ramillə hər hansı söz-söhbətlərimiz olmayıb”.

İş üzrə zərərçəkmiş Ramilin sözlərinə görə, hadisə baş verməmişdən təxminən bir il əvvəl yay vaxtı həyətdə ailəsi ilə olarkən iki ev aralıda yaşayan Samirə adlı qadının evindən nalayiq sözlərin danışıldığını eşidib: “Axşam olduğundan buna reaksiya vermədim. Səhərisi gün işdən qayıdandan sonra saat 18 radələrində Samirənin qonşusundan qadının evdə olub-olmamasını soruşdum. Qonşu Samirənin evində olmadığını dedikdə, ondan xahiş etdim ki, mənim adımdan Samirəyə iradını bildirsin.

Samirə mənim kirayədə qaldığım evin sahibinin qardaşı arvadı olub. Samirəni həmin gün yox, səhərsi gün gördüm. Həyətindən söyüş ifadələri gəldiyinə görə iradımı bildirdim. O isə kobud şəkildə “get öz hasarının içinin dərdini çək” dedi. Eyni zamanda Rövşəni çağıracağını, onun məni başa salacağını bildirdi.

Rövşəni təxminən 2 il bundan qabaq Samirənin yanına gəlib-getdiyi üçün tanımışam. Sonradan mənə məlum oldu ki, onlar qeyri-rəsmi ər-arvad kimi yaşayıblar. Samirə ilə söhbətlərimiz elə bu sözlərlə bitdi”.

Ramil qeyd edib ki, ertəsi gün Rövşən onun evinin giriş qapısını döyüb, əsəbi formada mobil telefonununun nömrəsini alıb, onunla söhbət edəcəyini bildirib: “Təxminən bir saat keçmiş Rövşən zəng vurdu və məni evin qabağında gözlədiyini dedi. Mən evdən çıxdım, evimin qabağında dayanmış “VAZ 2102” markalı avtomobildə sürücü ilə birlikdə 3 kişinin oduğunu gördüm. Onlardan biri Rövşən idi, digər iki nəfəri tanımadım.

Mən maşına oturdum, sürücü maşını Ramana qəsəbəsinə tərəf sürdü. Ramana qəsəbəsindəki qəbiristanlığın yaxınlığına gəldik. Çöllük bir yerdə maşından düşdük.

Rövşən mənimlə mübahisə etməyə başladı. Niyə görə Samirəyə irad tutuduğumu soruşdu. Samirənin evində söyüş söyülsə də, bunun mənə aidiyyəti olmadığını, yaxşı etdiyini bildirdi. Yanında olan iki oğlan Rövşəni sakitləşdirərək mənim haqlı olduğumu dedilər, söhbəti bitirməyini istədilər. Bununla da Rövşənlə münasibətlərimizi aydınlaşdırdıq və həmin avtomobillə məhəlləyə qayıtdıq. Bundan sonra aramızda heç bir mübahisə olmadı, qonşu kimi yaşamağa davam etdik”.

Zərərçəkmiş qeyd edib ki, təxminən bir il sonra, yəni 11 iyul 2021-ci ildə axşam saat 23 radələrində həyətdə olarkən yenə də Samirənin evindən söyüş səsləri eşidib: “Lakin gecə olduğundan onlara heç nə demədim. Səhəri gün saat 20 radələrində məhəllədən keçərkən Samirənin qonşusundan onun evində olub-olmadığını soruşdum. O, Samirənin evində olmadığını dedi. Lakin evə tərəf gedərkən Samirə qarşıma çıxdı. Mən axşam evindən səs gəldiyinə görə ona iradımı bildirdim.

Samirə məni təhqir etməyə başladı, öz həyətinin içində nə istəyirsə, onu da edəcəyini söylədi. Mən evimə girdim.

Saat 21 radələrində həyət qapısı döyüldü. Qapını açdıqda Rövşənin daha iki nəfər 25-30 yaşlı oğlanla qapı ağzında dayandığını gördüm. Həmin vaxt qardaşımla telefonla danışırdım. Rövşəni görəndə qardaşıma dedim ki, bir müddət əvvəl qapının qarşısında qonşu ilə mübahisə etmişəm və Rövşən münasibətləri aydınlaşdırmaq üçün 2 nəfərlə gəlib. Buna görə mən də qardaşımdan bizə gəlməyini xahiş etdim.

Elə həmin anda Rövşən və yanında olan oğlanlardan biri qollarımdan tutaraq “kimin namusuna sataşmışıq?” dedilər.

Rövşən sol əli ilə çənəmin sağ tərəfindən bir yumruq vurdu. Sonra əlini bel kəmərinə apararaq üzərində hansısa silah olması görüntüsünü yaradaraq “səni öldürmürük” dedi. Bu anda onlardan kimsə mənim alnımdan beş barmaqla bir zərbə vurdu. Zərbədən huşumu itirdim.

Bu hadisədən sonra 3 saylı şəhər klinik xəstəxanasında özümə gəldim. Orada həkimin dediyindən bildim ki, başımın arxa tərəfində bıçaq yaraları da var. Müalicəmi bitirərək evə yazılandan sonra qonşulardan eşitdim ki, iki dəfə - birinci dəfə öz qapımın qarşısında, sonra isə “Humay” marketin yanında döyülmüşəm. Qonşularından bir çoxu bu hadisəni görüb. Hətta “Humay” marketin yanında olan avtobus dayanacağında tanımadığım qəsəbə sakinləri də bu hadisəni görüb və mənim özümə gəlməyim üçün üstümə su töküblər”.

Məhkəmənin hökmü ilə Rövşən 7 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmdən narazı qalan Rövşən apellyasiya şikayəti verib. O, barəsində olan hökmün ləğv edilməsini, bəraət hökmünün çıxarılmasını istəyib. Bakı Apellyasiya Məhkəməsində şikayəti araşdıran hakim heyəti sonda qərar elan edib. Qərara görə, şikayət təmin olunmayıb (teleqraf.com).

Hacı Zeynalov

Digər Xəbərlər
Xəbər Lenti