AFFA-nın Futbol Veteranları Fondunun əsasnaməsinə uyğun olaraq, altı futbol veteranına AFFA-nın təqaüdü ayrılıb.
Bu barədə qərar İcraiyyə Komitəsinin Gəncədə keçirilən iclasında qəbul edilib.
Müvafiq komissiyanın təqdimatına uyğun olaraq, İsmayıl Əliyev, Esmiralda Ələkbərova (həkim), Gəray Qarayev, İqor Ponomaryov, Vaqif Sadıqov və Maşallah Əhmədova təqaüd təyin olunub.
Onlar hər ay federasiyadan 180-250 anat civarında pul alacaq.
Məlumat üçün bildirək ki, bu məsələ əvvəlcədən gündəliyə daxil olmayıb. Onun tətbiqini Vaqif Sadıqov istəyib. AFFA-nın vitse-prezidenti və Məşqçilər Komitəsinin sədri İcraiyyə Komitəsinin iclasında təqaid mövzusunu ortalığa atıb.
O, federasiya prezidenti Rövnəq Abdullayevə bir neçə dəfə müraciət edərək, «bu şəxslərə kömək lazımdır, razılıq versəz, böyük savab qazanarsız» deyib.
Komitənin yığıncağına qatılanlar Sadıqovun xahişini dəstəkləyiblər. Baxmayaraq ki, onların çoxu bu şəxsin də öz adını həmin siyahıya salmasından öncə xəbəri olmayıb.
Yalnız siyahı açıqlanandan sonra vitse-prezidentin niyə belə əl-ayağa düşməsini anlayıblar.
Doğrudan da, təqaid alacaq bir neçə futbol adamının maddi durumu çox pisdir. Etika xatirinə ad çəkmirik.
Sadəcə, onu əminliklə bildiririk ki, Vaqif Sadıqov «harada aş, orada baş» olduğunu bir daha göstərdi. Adamın maliyyə vəziyyəti kifayət qədər yaxşıdır.
Sağlığına qismət, Bakının bir neçə yerində evi var. Onları kirayə verib, aylıq pulunu verir.
Üstəlik, özü də uzun illərdir AFFA-da işləyir, buradan yüksək maaş alır. Ondan qabaqkı illəri geniş xatırlatmağa isə gərək duymuruq.
Heç vaxt boş-bekar oturmayıb, iş yerlərini əlcək kimi dəyişib. Üç dəfə əsas millinin baş məşqçisi olub, Azərbaycanda xeyli sayda klub çalışdırıb.
Rusiyada «Anji»nin məşqçilər korpusunda yer alıb.
Görəv aldığı ünvanların heç birində müsbət nəticə əldə etməsə də, kimlərinsə vasitəsilə həmişə kreslo dəyişib, ayağı quru torpağa dəyməyib, çoxlu pul qazanıb.
Belə birinin adını siyahıya saldırması utancvericidir. Əlbəttə, Sadıqov bunu başa düşsəydi, 180-250 manata ehtiyacı olan başqa bir futbol adamını o siyahıya saldırardı, özünü yox.
Allah gözünü doydursun!
SPORTİNFO.AZ

