COP29

Bakıdan Naxçıvana dəmir yolu açılır: Ermənistan niyə geri çəkildi?

4 İyun 2023 03:20 Hadisə 469
Bakıdan Naxçıvana dəmir yolu açılır: Ermənistan niyə geri çəkildi?

Xəbər verdiyimiz kimi, ötən gün Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan və Ermənistan Baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə keçirilən üçtərəfli İşçi Qrupunun iclasının yekunları barədə mətbuata bəyanatla çıxış edib.

O, üçtərəfli Moskva görüşü barəsində danışarkən bildirib ki, Arazdəyən-Culfa-Ordubad-Mehri-Horadiz marşrutu üzrə dəmir yolu əlaqəsinin bərpası və təşkili üzrə konkret addımların həyata keçirilməsi ilə bağlı ümumi anlaşma əldə olunub.

Məsələ ilə bağlı yenisabah.az-a açıqlamasında Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının (BAXCP) sədr müavini Elçin Mirzəbəyli deyib ki, indiki şəraitdə dəmiryolu xəttinin açılması üçün elə də ciddi bir problem yoxdur və məlum olduğu kimi, bu məsələdə zəmanətçi ölkə kimi Rusiya çıxış edir:

“Digər tərəfdən, hazırda söhbət Ermənistan ərazisindən keçən dəmiryolunun bərpasından gedir ki, “Ermənistan Dəmiryolları” da faktiki olaraq, “Rusiya Dəmiryollar”nın nəzarətindədir və onun törəmə müəssisəsi sayılır, eləcə də “Rusiya Dəmiryolları” 100% səhmə sahibdir”.

Onun fikrincə, bununla bağlı qərarın qəbul edilməsi məsələsi, əgər ərazi baxımından Ermənistana aiddirsə, dəmiryolunun çəkilməsi baxımından da Rusiyaya aid olan bir məsələdir:

“Bu kontekstdə qəbul olunan qərarın icra edilməyəcəyini düşünmürəm. Çünki bunun üçün hər hansı bir əsas yoxdur və bir də ki, indiki şəraitdə bu, fundamental əhəmiyyət kəsb edən bir məsələ deyil. Doğrudur, bu, mahiyyət etibarilə, Zəngəzur dəhlizinin bir seqmentinin açılışı anlamına gəlsə də, ümumilikdə Ermənistan-Azərbaycan münasibətlərin normallaşması prosesində kommunikasiyaların açılması digər istiqamətlərdə qərarlar qəbul edilmədən daha çox Rusiyanın sərgilədiyi mövqeyə uyğun olan bir məsələdir. Amma bütün hallarda kommunikasiyaların açılması həm Azərbaycan, həm də Ermənistan üçün faydalıdır”.

“Nəzərə alaq ki, indiki şəraitdə proses mahiyyəti üzrə Rusiyanın planı üzrə aparılır. O cümlədən, Ermənistandakı revanşistlərin də bilavasitə Rusiya ilə əlaqədə olan bir qüvvə olduğunu nəzərə alsaq, xüsusi bir etirazın sərgilənəcəyini gözləmirəm. Çünki istər Serj Sarkisyan, istər Robert Koçaryan, istərsə də ki, digər revanşistlər birmənalı şəkildə Rusiya ilə bağlı olan qüvvələrdir. Bu qüvvələrin idarə edilməsi prosesində də biz Kremlin təsir imkanlarının nə qədər olduğunu görmüşük. Əgər bu qərar Moskvada qəbul olunubsa, yəqin ki, reallaşacaq və buna qarşı revanşist qüvvələrin ciddi etirazlarının olacağı qənaətində deyiləm”, – o, fikirlərini tamamalayıb.

Digər Xəbərlər
Xəbər Lenti