Millimizin baş məşqçisi əsəbiləşdi – AFFA-nı biabır etdi

20 Oktyabr 2021 14:20 Hadisə 1 776
Millimizin baş məşqçisi əsəbiləşdi – AFFA-nı biabır etdi

Azərbaycanın U-19 yığmasının baş məşqçisi Elxan Abdullayev Qəbələdə keçirilən təlim-məşq toplanışı ilə bağlı fikirlərini bildirib.

“Futbol+” qəzetinə danışan mütəxəssis Qəbələdə Qırğızıstan yığması ilə keçirilən oyunlar barədə də fikirlərini bildirib.

Elxan Abdullayev jurnalistin “Qırğızıstana qarşı keçirilən hər iki oyunda bərabərə qaldınız. Azərbaycanda bu ölkə ciddi, güclü rəqib kimi qəbul olunmur.

Bu haqda nə düşünürsünüz” sualından əsəbiləşərək, AFFA-nın fəaliyyətini yerlə-yeksan edib. Əvvəlcə Abdullayevin fikirlərini oxuyaq:

“Bu sözü deyən, belə fikirləşən kimdirsə, əminliklə deyə bilərəm ki, o şəxs futboldan çox uzaq insandır. Sən bu gün, hazırkı vəziyyətdə hansı əsasla, nəyə görə Qırğızıstana yuxarıdan aşağı baxırsan?

Sənin Qırğızıstandan nəyin yaxşıdır? Məlumat üçün deyim, bilsinlər ki, o yığmanın 3 futbolçusu “Beşiktaş”ın U-19 komandasının əsas üzvləridirlər. “Beşiktaş”da oynayan azərbaycanlı futbolçu var?

“Qırğızıstan bizdən zəifdir” iddiası yanlışdır. Bu komanda Türkiyəni, Yaponiyanı udub. Deyəcəklər ki, Asiya komandasıdır.

Nə olsun? Elə bilirsiniz Asiya komandaları zəifdir? Qırğızıstanla yanaşı, Özbəkistan, Tacikistan da çox güclüdür. Bəlkə də biz onlardan nəsə öyrənməliyik”.

Əhsən! Hər mütəxəssis problemləri, onların səbəbkarlarını bu qədər çılpaq tərzdə açıqlaya bilməz. O da ola U-19 yığmasının baş məşqçisi. Elxan Abdullayev AFFA rəsmilərindən çəkinmədən ölkə futbolunun durumunu çılpaqlığı ilə göstərib.

Onun fikirlərini oxuduqda, istər-istəməz sual yaranır: bəs bu problemləri kim yaradıb? Təbii ki, AFFA rəhbərləri.

Daha hansısa jurnalist, xarrat, çilingər yaradası deyil ki. 13 ildir Azərbaycan futbolunu monopoliyasında saxlayan adamların yanlış idarəçilyinin nəticəsidir ki, bu gün Azərbaycan futbolu Qırğızıstandan, Tacikistandan da zəifdir.

O Qırğızıstan, o Tacikistandan ki, onlarda federasiyanın illik büdcəsi heç bir milyon manat da deyil. Azərbaycanda isə təkcə yığmalara il ərzində 10 milyon manat sərf olunur.

Futbola milyardlar xərclənir Azərbaycanda. Tacikistanda, Qırğızıstanda isə qəpik-quru. Onlarda futbol inkişaf, bizdə isə tənəzzül edir.

Kimdir günahkar? Təbii ki, AFFA rəhbərliyi. Elxan Abdullayev daha nə deməlidir ki. Təşəkkürlər, Elxan müəllim!

Təki hər bir mütəxəssis sizin kimi vicdanlı və dürüst olsun. Onda futbolumuzun problemləri, bu problemləri yaradanlarla mübarizə daha asan olar.

Natiq Muxtarlı

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"