“Xəzər Lənkəran”, “Bakı” və “Kəpəz”in sabiq yarımmüdafiəçisi Juninyo Osvaldo futbolu başqa sahəyə dəyişib.
Sportinfo.az xəbər verir ki, bu barədə AZƏRTAC-a veteran oyunçunun özü məlumat verib.
Braziliyalı keçmiş futbolçu hazırda şəxsi biznesi ilə məşğul olduğunu bildirib:
“Futbol sahəsində işləmək imkanım var idi, ancaq şirkət açmaq şansı yarandı və mən də bundan istifadə etdim. İndi öz şirkətimdə yük maşını ilə işləyirəm. Tankerlərin dezinfeksiya edilməsi ilə məşğulam”.
Azərbaycanda çıxış etdiyi dövrü unutmadığını söyləyən “sambaçı” ölkəmizdə 3 fərqli klubun formasını geyindiyini xatırladıb:
“Həqiqətən də gözəl zamanlar idi. ”Xəzər Lənkəran”ın heyətində 2007-2008-ci illər mövsümündə Azərbaycan Kubokunun finalında “İnter”in qapısına iki qol vurduğum oyunu, eləcə də Çempionlar Liqasında Zaqreb “Dinamo”su ilə qarşılaşmada fərqləndiyim matçı hələ də unuda bilmirəm. Hər zaman bu epizodları xatırlayıram”.
“Sambaçı” Azərbaycanda yalnız bir komandanın oyunlarına baxdığını deyib: “Bəzən “Qarabağ”ın avrokubok oyunlarını izləyirəm. Azərbaycan Premyer Liqasının görüşlərinə isə ümumiyyətlə baxmıram”.
Azərbaycandakı dostlarından da söz açan 41 yaşlı veteran futbolçu hazırda “Kəpəz”də çıxış edən Tural Rzayevlə yaxşı münasibətinin olduğunu bildirib:
“Onunla tez-tez danışırıq. Azərbaycanda oynadığım zaman mənə dəstək olan bütün insanlara təşəkkür edirəm”.
Juninyo Osvaldo 2007-2011-ci illərdə “Xəzər Lənkəran”da, 2011-2012-ci illərdə “Bakı”da, 2015-2016-cı illərdə isə “Kəpəz”də çıxış edib.

