"Hər yaşın öz qiyməti var".
Bu sözləri Sportinfo.az-a açıqlamasında Baqali Dabo deyib.
Fransalı hücumçu 2016-2018-ci illərdə "Qəbələ"də çıxış edib. 2018-ci ildən "Neftçi"nin formasını geyinib.
2019/2020 mövsümündə Azərbaycan Premyer Liqasının bombardiri olan Dabo qalmaqalları ilə də gündəmə gəlib. "Qarabağ" forması ilə fotosunu paylaşdığı üçün onu "Neftçi" rəhbərliyi ciddi cəzalandırıb.
Son 3 ili Kipr "Apollon"unda keçirən hücumçu etiraf edir ki, yaş öz sözünü deyisə, tələb etdiyi maaş da əvvəlki kimi olmayacaq:
"Açıq deyim, bu gün maddiyat mənim üçün ciddi önəm daşımır. Parlaq vaxtlarımda lazım olan qədər pul qazanmışam.
6-7 aydır futbolsuzam, yaşım 36-ya yaxınlaşır. Məqsədim pul qazanmaq yox, futbol oynamaq, komandaya kömək etməkdir".
Dabo ölkəmizdə çıxış etdiyi 4 ildə bütün yarışlar nəzərə alınmaqla meydana çıxdığı 109 matçda 49 (“Qəbələ”- 26, “Neftçi” - 23) qol və 12 (“Qəbələ” – 5, “Neftçi” - 7) məhsuldar ötürmə ilə yadda qalıb.

