Ramil Şeydayevin pulunu məşhur holdinq verəcək

13 Yanvar 2024 14:00 Gündəm 1 308
Ramil Şeydayevin pulunu məşhur holdinq verəcək

Azərbaycan yığmasının hücumçusu Ramil Şeydayev “Buriram Yunayted”dən ayrılmasından və karyerasını yenidən Türkiyədə davam etdirəcəyindən xəbərdarsız.

2015-2016-cı illərdə “Trabzonspor“un formasını geyinmiş forvard bu dəfə “Kocaelispor”un uğurları üçün tər tökəcək.

“Zenit“in yetirməsi I Liqanın iştirakçısı ilə 1,5 illik müqavilə imzalayacaq.

Super Liqaya iddialı klub Şeydayevi sıralarına qata bilmək üçün yetərincə xərcə düşüb. Tailand təmsilçisi ötən ilin yayında “Qarabağ“dan dəvət etdiyi və 2 illik müqavilə bağladığı forvardın keçidindən 850 min avro qazanıb.

Şeydayevin qazancı ilə bağlı Türkiyə mediasında yeni xəbər ortalığa atılıb.

Yerli "Nokta" nəşrinin yazdığına görə, 27 yaşlı hücumçu mövsümün sonuna qədər mükafatlar daxil olmaqla 300 min avro əldə edəcək.

Həmkarlarımız millimizin forvardının növbəti mövsüm üçün qazancının 550 min avro olacağını yazıb.

"Burinam Yunayted"dən ayrılması gündəmə gələn Şeydayevin Türkiyənin I Liqa təmsilçisi ilə 1,5 illik müqavilə imzalayacağı gözlənilir.

Redaksiyamızın əldə etdiyi məlumata görə, Ramilin qardaş ölkədə alacağı vəsait yerli pressanın yazdığı məbləğdən daha çoxdur.

Super Liqaya iddialı Kocaeli təmsilçisi ilk 6 ay üçün yığmamızın oyunçusuna 350 min avro ödəyəcək.

Komanda 17 turdan sonra I Liqada 33 xal toplayıb. Turnir cədvəlinin ikinci pilləsində qərarlaşan «Kocaelispor» Super Liqaya birbaşa vəsiqə qazanmağa idialıdır.

İlk iki yerdən birini tutaraq buna nail olmağı planlaşdıran klub istəyinə çatarsa, Şeydayevə bonus kimi daha 50 min avro veriləcək.

«Kocaelispor» növbəti mövsüm Super Liqaya yüksələrsə və orada yerini qoruyarsa, Ramilin nəqd gəliri 550 min+50 min avroya çatacaq.

Baş məşqçi postuna Ertuğrul Sağlamı gətirmiş klub Şeydayevlə yanaşı, daha 2-3 bahalı transfer etməyi planlaşdırır. Bu qədər pulu haradan tapıb verəcəklər?

Məlumunuz olsun ki, «Kocaelispor» Türkiyənin məşhur biznes qurumlarından «Yıldız Holdinq»lə sponsorluq müqaviləsi bağlamağa hazırlaşır.

Adıçəkilən holdinqlə uzunmüddətli tərəfdaşlığa dair şərtlər razılaşdırılıb. «Yıldız» hər il kluba 10 milyon avrodan çox büdcə ayırmağa "okey" verib.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti