Yanvarın 11-də Gəncədə AFFA İcraiyyə Komitəsinin növbəti iclası keçiriləcək.
Saat 14:30-da başlanacaq toplantının gündəliyinə bir neçə məsələ daxil edilib.
Bunlar AFFA-nın növbəti Hesabat-Seçki Konfransının tarixinin müəyyən edilməsi, aşağı yaş qruplarından ibarət milli komandaların baş məşqçisi vəzifəsinə təyinatlarla əlaqədar müzakirə (U-21 istisna olmaqla) və digər məsələlərdir.
Redaksiyamızın əldə etdiyi məlumata görə, Hesabat-Seçki Konfransı martda keçiriləcək. Hazırkı prezident Rövnəq Abdullayev ardıcıl 5-ci müddətə seçilmək istəyindədir.
2008-ci ildən federasiyaya rəhbərlik edən SOCAR-ın sabiq şefi burada qalmağı arzuladığını yaxın çevrəsindən gizlətməyib.
O, növbəti 4 ildə də AFFA-nın başında dayanarsa, qurumun fəaliyyətinə daha çox vaxt ayıracağına, gündəlik işləri diqqət mərkəzində saxlayacağını bildirib.
Abdullayev deyib ki, vəzifəsində saxlanılarsa, federasiyanın özündə ciddi islahatlar aparacaq, həmçinin başqa yenilikləri reallaşdıracaq.
Bura Premyer Liqa və I Liqada klub sayının artırılması, rayonlarda yeni komandaların yaradılması daxildir.
SPORTİNFO.AZ

