Hər bir məşqçinin bir yönü, öz baxış bucağı olur.
Futbolun dili birdir, fərq yalnız «ləhcə»dədir.
Ayxan Abbasovun da öz «ləhcə»si var. Onu praqmatik üslubun təbliğatçısı kimi tanıyırlar.
Vaxtilə «Zirə» və «Sumqayıt»ı «beşli müdafiə» ilə oynatmış məşqçinin «Turan Tovuz»a yenilik gətirmək imkanı, sadəcə, yoxdur. «Turan» Abbasovun çalışdığı klublar arasında ən zəifidir. Hər cəhətdən.
O, əslində, «top sənin, qol da mənim» prinsipini rəhbər tutur. İkinci qərb derbisinə Gəncədə çıxan Abbasovun bu dəfə ümidi 1 xala idi.
Zədəlilərin çoxluğu üzündən yarımcan olmuş heyətlə bundan artığını istəmək absurd olardı.
Turnir cədvəlindəki vəziyyət elədir ki, hər xal «Turan» üçün havadan və sudan da vacibdir. Təhlükəli zonadan uzaqlaşmaq, Premyer Liqadan enmək qorxusunu vaxtından əvvəl üzərindən atmaq mənasında.
Gözəllik qurban tələb edir. «Turan» 90 dəqiqəni də müdafiədən oynayaraq keçirə bilər, əsas odur ki, qol vəziyyəti yaratmağı bacarır.
İkinci hissənin ortasında 2 belə fürsət yaxalayan qonaqlar yalnız Orxan Sadıqlı əngəlini aşa bilmədi
«Turan» funksionerlərinin əli ciblərində olsun. Bu heyətlə qonşu şəhərdən xal gətirən məşqçilərə, futbolçulara mükafat ödənilməlidir.
300-500 manat xərcə düşsələr, lap kasıblamazlar. İndiki durumda komanda rəhbər nəfəsini hiss etməli, rəhbər dəstəyini görməlidir.
MUSA

