Diş-dişə yaşamaqdan iç-içə yaşamağa? – Çətin olacaq

12 Avqust 2022 16:30 Gündəm 537
Diş-dişə yaşamaqdan iç-içə yaşamağa? – Çətin olacaq

30 ildən çoxdur günümüzü qara, ölkəmizi zəlil və güdül edən, yaşlı insanların ömrünü, gənclərin başını yeyən Qarabağ-torpaq-ərazi probleminin sonunu görmək üzrəyik. Yavaş-yavaş bu qorxulu filmin epiloquna gəlirik.

Nəhayət, bu günü də gördük, bu gün mediada belə xəbər başlıqlar gedir:

“Şuşada tikinri-quruculuq işləri vüsət alır”; “Kəlbəcərdə sanatoriya tikilir”, “Zəngilana köç başlayıb”, “Şuşaya gedənlər Füzuli aeroportuna enib”, “Laçın şəhəri və kəndləri tam olaraq nəzarətimizə keçir”, “Ağdam bərpa olunur” və s.

2 il öncə bu başlıqlar fantastika janrından idi. Kim yazsa ki, iki ildən sonra qəzet və saytlarda belə xəbərlər olacaq, ona gülər, başıxarab və ya təxribatçı hesab edərdilər. Amma bu iş oldu. Necə oldu, nəyə başa gəldi, uzun söhbətdir.

Gerçəklik odur ki, artıq Qarabağda və onun ətrafında geosiyasi və hərbi durum büsbütün dəyişib. 30 il əvvəl hücumda olan tərəf ermənilər idi. Elə gün olmurdu ki, şəhər və kəndlərimizə total hücum və ya gecə həmləsi etməsinlər. Biz əlimizin yüngül silahlarıyla parakəndə şəkildə özümüzü, kənd-kəsəyimizi qorumaqla məşğul idik. Ermənilər isə üstümüzə nizami hərbi hissələrlə, ən əsası illərlə əldə etdikləri silah-sursatla gəlirdilər.

erni.jpg (10 KB)

İndi erməni silahlılar parakəndə, başıpozuq haldadır. Çünki əsas qüvvələri darmadağın edilib, toparlana bilmirlər. Artıq özləri də fərqindədirlər, elə bir bataqlığa saplanıblar ki, çabaladıqca daha da dərinə gedirlər. Müqavimət haqda fikirləşən, “nəsə bir möcüzə olacaq, durum kardinal şəkildə xeyrimizə dəyişəcək” deyə düşünən separatçılar da yavaş-yavaş bu qənaətə gəlirlər ki, bu gedişlə heç nə olmayacaq.

Ermənilər rus silahı və hərbi təlimatçıları baxımından bizdən güclü olduqları vaxtlarda, ABŞ, Fransa, Rusiya kimi böyük dövlətlərdən siyasi dəstək aldıqları dönəmlərdə, Avropadan informasiya dəstəyi gördükləri, güclü diaspor təşkilatları tərəfindən hərtərəfli təmin edildikləri illərdə Qarabağ münaqişəsini öz xeyirlərinə həll edə bilmədilərsə, indən belə heç bir şanslarının olmadığını dərk etməyə başlayıblar.

Bir az da keçəcək, onlar kütləvi şəkildə “dinc, yanaşı, mehriban qonşuluq şəraitində, iç-içə yaşamaq”dan bəhs edəcəklər. Eks-prezident Köçəryanın vaxtilə Avropa arenasında dediyi və müəyyən dairələrdə yeganə həqiqətmiş kimi qəbul edilən “milli uyuşmazlıq” söhbəti unudulacaq.

Bu məsələdə problem odur ki, indi də biz tərəfdə “milli uyuşmazlıq”dan, “ermənilərlə dinc, yanaşı yaşayışın mümkün olmadığı”ndan danışanların sayı artır və artacaq.

Без названия.jpg (12 KB)

Bir baxımdan insanları qınamaq mümkün deyil. Ortada 35 ilin ağrı-acısı, faciələri, maddi-mənəvi sıxıntıları, psixoloji sarsıntıları, ölçüyəgəməz miqyasda insan və sərvət resursları itkiləri var. Bu itkiyə məruz qalanlar deyirlər ki, ermənilər abad şəhərlərimizi, qəsəbə-kəndlərimizi, təsərrüfatlarımızi dağıdıb, yox ediblər, lay divar kimi oğullarımızı öldürüblər, qız-gəlinlərimizi əsir aparıblar, amma indi heç nə olmamış kimi bir yerdə yaşamalıyıq? Hələ Xocalı qətliamı... Bəs bu genosid aktına görə heç kim cavabdehlik daşımasın?

Bütün bunları gözardı etmək, üstündən keçmək, asanlıqla bağışlamaq mümkün deyil. Dəymiş ziyanın bədəlinin ödənməsi üçün Ermənistan öz ərazisinin yarısını satsa belə yenə azlıq edər. Bu baxımdan dünənə qədər 30 il boyunca diş-dişə yaşadığımız ermənilərlə yenidən iç-içə yaşamağımız çətin olacaq.

Amma bizim başqa yolumuz da yoxdur. Biz “ermənisiz Qarabağ” status-kvosu yarada bilmərik. Beynəlxalq hüquq buna yol vermir, konvensiyalarda insanları daimi yaşayış yerlərindən qovub çıxarmaq deportasiya, “genosid aktı”nın tərkib hissəsi sayılır.

77.jpg (47 KB)

Bu baxımdan biz ermənilərin öz istəklərinə uyğun olaraq Xankəndi və ətraf yaşayış məntəqələrində yaşamaları faktıyla psixoloji olaraq barışmalıyıq. Ancaq bu iş elə olmalıdır ki, onlar daha böyük niyyətlərə düşməsinlər, muxtariyyat tələb etməsinlər və keçmişdə yaşadıqları bütün şəhər və qəsəbələrdə yenidən məskunlaşmaq planları qurmasınlar. Ermənilərdən olsa, dayanıqlı sülh sazişi əldə edilən kimi, yenidən təkcə Hadruta Tuğa və Tağlara qayıtmaq istəməyəcəklər, eyni zamanda Bakıya, Sumqayıta, Gəncəyə də geri dönmək fikrinə düşəcəklər.

İndilikdə isə belədir: bütün dünyaya “türklərin barbarlığı” barədə nağıllar uydurub danışan ermənilər özləri tərk etməyə vadar olduqları bütün yaşayış məntəqələrində salamat tikili qoymur, hamısını yandırırlar. Əsl barbarlıq, vandallıq budur. Amma maraqlıdır, bu kadrları çəkib yayan dünya mediası barbarlıqdan danışmır, əksinə, “binəsib insanların öz evlərini tərk etməyə məcbur qaldıqları”ndan bəhs edir.

Xalid KAZIMLI

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"