AFFA Allahverdiyevi hansı öhdəliklə “Kəpəz”ə qaytarıb?

24 İyun 2022 15:00 Gündəm 1 017
AFFA Allahverdiyevi hansı öhdəliklə “Kəpəz”ə qaytarıb?

«Kəpəz»də vəziyyət ümumən kritikdir.

Klub rəhbərliyi transfer çalışmalarına zəif girişib. Çox işdə gec qalıblar.

Futbol sferasında naşı şəxs olan, sırf təsadüf nəticəsində, hansısa qohumluq əlaqələrinə görə «Kəpəz»də yüksək vəzifə alan İlqar Nadiri ilə uzaq yola çıxmağın hansı problemlərə yol açacağını artıq AFFA-da da başa düşüblər.

Mehman Allahverdiyevin illər sonra təkrar «Kəpəz»ə qaytarılması federasiyanı təhlükənin lap yaxınlaşmasını hiss etməsini göstərir.

Əks halda, bir də klubun qapılarını keçmiş baş məşqçinin üzünə açmaz, idman direktoru postuna əyləşdirməzdilər. Qorxularından ediblər, yoxsa onun keçmiş xidmətlərini yada salaraq, peşmançılıq hissi keçirərək, geri addım atmayıblar.

AFFA illərlə bu həqiqəti qəbul etmirdi. Ki, Allahverdiyev olan yerdə Gəncənin futbol təsərrüfatını yad əllərə tapşırmaq necə təhlükəli tendensiyadır.

Adamın varlığı, təsir gücü, əlaqələri və nüfuzu ilə hesablaşmırdılar. Onu əllərinin arxası ilə yana itələmişdilər. 2016-cı ildən bəri sevimli «Kəpəz»indən didərgin salınmış Allahverdiyev bu gün də AFFA-ya bir idarəçi olaraq lazım deyil.

AFFA-ya lazım olan onun Gəncə publikasına təsir gücü, nüfuzudur.

Qaytarıblar ki, klubda görəvləndirdikləri funksionerləri, baş məşqçi Yaşar Vahabzadəni ictimaiyyətdən/azarkeşlərdən qorusun, yeri gəlsə, sinəsini qabağa versin, onları sakitləşdirsin.

Başa düşüblər ki, Allahverdiyevdən savayı Gəncədə bu işi görə biləcək, məsuliyyəti üzərinə götürəcək ikinci bir nüfuz sahibi yoxdur, deyiblər, yaxşı, gəl, sabah komanda Premyer Liqada uğursuz çıxış etsə, barışdırıcı, sakitləşdirici mövqe tut.

"Kəpəz"in baş məşqçisi kimi 3 dəfə Azərbaycan çempionu, 4 dəfə ölkə kuboku, 2 dəfə gümüş, 1 dəfə bürünc medalları qazanmış Allahverdiyev o boyda həngamədən, 2016-cı ildəki qalmaqallı olaylardan sonra AFFA-nın çağırışını qəbul edibsə, deməli, qarşısına qoyulan qeyri-rəsmi şərtlərin hamısıyla razılaşıb.

Yenə deyirəm, federasiya Allahverdiyevi «Kəpəz»i xilas etmək naminə yox, buradakı kadrlarını sudan quru çıxarmaq» niyyəti ilə qapıdan içəri alıb.

Azarkeşlərin AFFA-nın «taktiki gediş»inə aldanmayacağına ümid edirəm. Yəqin ki, Allahverdiyev amilinə görə klubu gözləyən fiaskoya göz yummazlar.

Hər halda bu fanatlar «Kəpəz»i hamıdan və hər şeydən üstün tutduqlarını dönəm-dönəm nümayiş etdirib.

Olmasın bir Mehman Allahverdiyev, olsun yüz Mehman Allahverdiyev – yenə də «Kəpəz»in adı daha ağır basır və zirvədir o. İsmini aldığı dağ kimi.

Xəzər Hikmət

Digər Xəbərlər
Xəbər Lenti