AFFA "Kəpəz"i bu adama görə qurban verir

20 İyun 2022 14:00 Gündəm 1 554
AFFA "Kəpəz"i bu adama görə qurban verir

Dünəndən bəri Gəncə azarkeşlərinin kefinə soğan doğranıb.

Bunu edən AFFA-dır. Bakıda əyləşən məsul şəxslərin Yaşar Vahabzadənin saxlanılmasına dair verdiyi göstəriş «Kəpəz»in əmrə müntəzir idarəçiləri tərəfindən yerinə yetirilib,

3 ildir burada olan baş məşqçi ilə yeni müqavilə imzalanıb. Sənəddə 1 il göstərilib. AFFA bir az da dirənsə, o, hələ başqa arzularını da həyata keçirəcək.

62 yaşlı Vahabzadə uzun illərdir məşqçilik həyatı yaşayır. AFFA həmişə bu adamı çətiri altına alıb, gənclər yığmasını ixtiyarına verib, o da xımır-xımır işini görüb.

U-21 onun rəhbərliyi altında heç bir uğur, düz-əməlli nəticə əldə etməyib. «Kəpəz» bunun mükafatıdır. Millidə göstərdiyi «xidmətlər»in qarşılığı olaraq «Kəpəz»i Vahabzadənin sərəncamına keçiriblər ki, get, oraları da «sahmana sal».

Gözünə döndüyüm də eləmə tənbəllik, 3 ildir ki, Gəncə futbolsevərlərinin əsəbləri ilə oynamaqda davam edir. Çalışdırdığı komandaya 1 köpüklük futbol oynatmaya-oynatmaya.

«Kəpəz» Vahabzadənin başçılığı ilə I Divizionda bir-birindən bərbad mövsümlər keçirib, mükafatçılar sırasına düşə bilməyib.

\Halbuki, AFFA aşağı dəstə təmsilçiləri arasında ən böyük büdcəni «Kəpəz»ə ayırıb, Vahabzadəyə imkan yaradıb ki, istədiyi futbolçuları transfer etsin. Qalmağa otel nömrəsi ayırıblar, xidməti maşın veriblər.

B\ir o qalıb ki, kəcavə düzəltdirib, başlarının üstündə gəzdirsinlər. Nə hikmətdirsə, AFFA Vahabzadənin ətəyindən ikiəlli yapışıb, bütün varlığı ilə onu qoruyur. Əlbəttə, gün gələcək, bunun da üstü açılacaq, gerçək səbəbi bilinəcək.

Hələlik isə Gəncə publikası AFFA-Vahabzadə dastanına qulaq verməyə davam etməli, onlara dözməlidir. «Kəpəz» azarkeşlərinə möhkəm səbir arzulayıram.

Səbr göstərməyib nə edəcəklər guya? İllərdir Vahabzadənin istefaya səsləyirlər, üstünə gedirlər, nəyəsə nail olmayıblar.

Adam iki ayağını bir başmağa dirəyib, «getmirəm» deyib və AFFA-nı nişan verib. Qayıdıb ki, AFFA deməsə, yerimdən bir addım o yana tərpənən deyiləm.

Təbii, bəndəniz Vahabzadənin yerində olsaydı, bu səhvi etməzdi.

Gəncə futbolun beşiyilir, futbolun özüdür. Bu boyda şəhərin əziz-girami klubu olan «Kəpəz»i Premyer Liqada fəlakətli günlər gözləyir.

Dünyanın ən yaxşı futbolçularını yığ gətir Gəncəyə, Vahabzadə onlarla da uğurun «u» hərfini də qazanmayacaq.

Çün onun işində məşqçiliyin «m»sı da yoxdur, quru adı var elə. Bu quru ad da «Kəpəz»ə heç nə vermir. Xəcalət tərindən başqa.

Xəzər Hikmət

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti