Növbəti mövsümdə Premyer Liqada iştirak edəcək “Kəpəz”də hələ ki, durğunluqdur.
Gəncə təmsilçisi bir neçə futbolçu ilə razılığa gəlsə də, işin rəsmiləşməsi məsələsində yenilik yoxdur.
Klub rəhbərliyi və məşqçilər heyəti artıq xeyli vaxtdır sponsorun cavabını gözləyir. Büdcə ilə bağlı təsdiqlənmə olmalıdır ki, ictimaiyyət baş verənlərdən xəbər tutsun.
Komanda isə bu gün-sabah hazırlığa başlamalıdır. “Kəpəz”in baş məşqçisi Yaşar Vahabzadə Sportinfo.az-a açıqlamasında yay hazırlıq planına aydınlıq gətirib:
“Təbii ki, baş məşqçi olaraq mövsümlərarası hazırlıqla bağlı plan tərtib etmişəm. Qalır rəhbərliyin təsdiq etməsi. İndi klub başbilənlərindən cavab gözləyirik.
Tərtib etdiyim plana əsasən komanda iyunun 20-də 20-22 nəfərlik heyətlə toplanışa başlamalıdır. İlk mərhələ Gəncədə təşkil olunacaq və ayın sonuna qədər davam edəcək.
İyulun 2-dən 15-nə qədər Bakıda təlim-məşq toplanışı planlaşdırırıq. Bu müddətdə əsas məqsəd paytaxtda olacaq komandalarla yoldaşlıq görüşləri keçirməkdir. 2-3 oyun təşkil etməyi düşünürük”.
“Kəpəz”in Elvin Yunuszadə, Tural Axundov, Kamran İbrahimov və İdris İnqilablı ilə razılığa gəldiyini xəbər vermişdik. Həmçinin komandaya 4-5 legionerin qoşulacağı da əldə etdiyimiz məlumatlardandır.
HƏBİB

