Qurban Qurbanovla Rəşad Sadıqovun ORTAQ NARAHATLIĞI

27 Yanvar 2022 16:40 Gündəm 1 688
Qurban Qurbanovla Rəşad Sadıqovun ORTAQ NARAHATLIĞI

Azərbaycan Premyer Liqasının təmsilçilərinin Antalya toplanışı başa çatdı.

Çempionatın 8 komandasından 6-sı hazırlığın əsas hissəsini qardaş ölkədə keçmək qərarına gəldi ki, əsas məqsəd xarici rəqiblərlə qarşılaşmaq idi.

Bəribaşdan qeyd edək ki, rəqiblər Avropanın 3-cü dərəcəli futbol çempionatlarının ortabab komandaları idi. Yəni Polşa, Serbiya, Macarıstan kimi ölkələrin təmsilçiləri ya Antalyaya yollanmamışdı, ya da bizimkilərlə oynamaqda maraqlı olmayıblar.

Komandaların Antalya toplanışındakı matçlarına nəzər yetirməklə kiçik qeydlər aparmaq zamanıdır.

Gələn ay Avropa Konfrans Liqasında Fransa nəhəngi “Marsel”ə üzləşəcək “Qarabağ”ın 4 oyunun 3-də rəqib qapıçıları məyus edə bilməməsi və bu sayda matçda cəmi 2 qol vurması Qurban Qurbanovu hücum planı ilə bağlı məsələdə mütləq və mütləq düşündürməlidir.

“Zirə”nin Azərbaycan komandaları arasında ən məhsuldar komanda adına sahib çıxması (6 qol) ümidverici məqamdırsa, qapısından ən çox top buraxan komanda adına sahib çıxması isə (8 top) müdafiə xəttindəki problemlərdən xəbər verir.

Rəşad Sadıqovun məlum narahatlığı qısa müddətdə necə aradan qaldıracağı sual doğurmaya bilməz.

“Sumqayıt”la “Qarabağ” xaric, digər komandaların hamısı bütün görüşlərdə rəqib qapılarına yol tapmağı bacardı.

“Sabah” isə sınaq matçlarında qələbə sevinci yaşamayıb, eyni zamanda məğlubiyyətə üzülməyən tək komanda kimi yadda qaldı. Görünür, qış fasiləsi Murad Musayev üçün oyun fəlsəfəsini kollektivə aşılamaq baxımından yararlı olub.

“Neftçi”yə gəlincə, komandadakı məlum dəyişliklərdən sonra “ağ-qaralar”ın necə təsir bağışlayacağı sual doğururdu.

“Ağ-qaralar” 3 yoldaşlıq görüşünün hər birində qol vurmağa nail olsa da, qapısında 3 top görməsi və rəqiblərinə xeyli sayda qol imkanı verməsi müdafiə xəttindəki problemin həll olunmadığını göstərir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti