Millimizin baş məşqçisi: "Bəzisinin xarakteri xoşumuza gəlmədi" - VİDEO

12 Aprel 2018 11:36 Güləş 777
Millimizin baş məşqçisi: "Bəzisinin xarakteri xoşumuza gəlmədi" - VİDEO

ABŞ-ın Ayova şəhərində sərbəst güləş üzrə Dünya Kuboku yarışlarında II yeri tutan sərbəst güləşçilərimiz vətənə qayıdıb.

Sportinfo.az xəbər verir ki, Heydər Əliyev beynəlxalq hava limanında milli komandamızın qarşılanma mərasimi keçirilib.

Hava Limanında media nümayəndələrinə yarışın yekunları ilə bağlı açıqlama verən AGF-nin I vitse-prezidenti, sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi Firdovsi Umudov dünyanın səkkiz ən güclü komandasının iştirak etdiyi yarışda II yerin yüksək nailiyyət olduğunu deyib:

“Dünya Kubokunda dünyanın səkkiz ən güclü komandası yer almışdı. Bizim yarımqrupda Kuba, Qazaxıstan və Monqolustan var idi. İlk görüşümüz Kubaya qarşı oldu.

Çox gərgin görüş keçdi. Uşaqlar bütün komandalara qarşı əzmkarlıq nümayiş etdirdilər. Buradan da gedəndə demişdik ki, əsas hədəf finala vəsiqə qazanmaqdır.

Komandanın tərkibində gənc güləşçilərə də üstünlük vermişdik. Aparıcı güləşçilərimizdən Şərif Şərifov, Murtuzəli Məhəmmədov, Nurməhəmməd Hacıyev səhhətində problemlər səbəbindən komandada yer almamışdı.

Biz Toğrul Əsgərovun da çıxışını planlaşdırmışdıq. Lakin o tam formada deyildi. Komandanın liderlərindən Cəbrayıl Həsənov, Hacı Əliyev, Cəmaləddin Məhəmmədov, Aslanbəy Alborov, Aleksandr Qostiyev var idi. Yenilərdən Coşqun Əzimov çox əzmkarlıq göstərdi. Georgi Edişeraşvilinin güləşi çox xoşumuza gəldi”.

Firdovsi Umudov final görüşündə komanda üzvlərinin haqsızlıqla qarşılaşdıqlarını dilə gətirib: “Final görüşündə pərdəarxası çox şeylər var idi. Biz I yerə iddialı idik. Finaldan qabaq Kuba güləşçisi ilə görüşündə Hacı Əliyevin səhhətində problem yaranmışdı.

Cəbrayıl Həsənovun görüşündə hakimlər onu açıq-aşkar məğlubiyyətə uğratdılar, dörd xallıq və iki xallıq fəndlər var idi, onu vermədilər. Buna baxmayaraq, güləşçilərimiz sonadək mübarizə apardılar.

Finalda qarşılaşdığımız ABŞ yığması ötən ilin dünya çempionları idilər. Lakin biz özümüzü qalib kimi hiss edirik. Düzdü, səhvlərimiz var idi.

Qarşıda bizi Avropa çempionatı gözləyir. Yığma komandanın heyətinə yenidən baxılacaq. Bəzi idmançılar heyətdə yer almayacaq. Çünki onların əzmkarlıq və xarakteri xoşumuza gəlmədi”.

B qrupundakı görüşlərində Azərbaycan millisi Kuba, Qazaxıstan, Monqolustanı məğlub edib və finala yüksəlib. Təşkilatçı ölkə komandası isə A qrupunda Hindistan, Gürcüstan və Yaponiyanı üstələyib. Gərgin keçən final görüşü ABŞ yığmasının 6:4 hesablı üstünlüyü ilə başa çatıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti