ABŞ-ın Ayova şəhərindəki sərbəst güləş üzrə Dünya Kubokuna yekun vurulub.
Sportinfo.az xəbər verir ki, finalda Azərbaycan millisi ABŞ-la üz-üzə gəlib.
Görüş təşkilatçı ölkə komandasının 6:4 hesablı qələbəsi ilə yekunlaşıb. Georgi Edişeraşvili, Coşqun Əzimov, Aslanbek Alborov və Cəmaləddin Məhəmmədovun qələbə qazandığı halda, Əfqan Xaşalov, Hacı Əliyev, Hacımurad Ömərov, Cəbrayıl Həsənov, Aleksandr Qostiyev və Roman Bəkirov uduzub.
Bununla da Firdovsi Umudovun baş məşqçi olduğu kollektiv Dünya Kubokunu gümüş medalla başa vurub. Yarışın qalibi adını ABŞ qazanıb. Bürünc medala isə 3-cü yer uğrunda görüşdə Kubanı 6:4 hesabı ilə yenən Yaponiya sahib olub.
Azərbaycan millisi əvvəllər 2 dəfə - 2004 və 2009-cu illərdə Dünya Kubokunu əldə edib. Ötən il isə bürünc medal qazanılıb.
B qrupundakı görüşlərində Azərbaycan Kuba, Qazaxıstan və Monqolustanı məğlub edib. Təşkilatçı ölkə komandası isə A qrupunda Hindistan, Gürcüstan və Yaponiyanı üstələyib.

