"Bu qələbəni ailəmə və bütün Azərbaycana həsr edirəm"

21 Mart 20:40 Güləş 221
"Bu qələbəni ailəmə və bütün Azərbaycana həsr edirəm"

"Bu yarışa hazırlığımız Belarusda başladı. Minskdə 20 günlük təlim-məşq toplanışı keçdik.

Son hazırlıq prosesi isə Bakıda baş tutdu. Yarışa yaxşı hazırlaşdığımızı söyləyə bilərəm".

Sportinfo.az xəbər verir ki, bu fikirləri Azərbaycanın yunan-Roma güləşçisi İslam Abbasov federasiyanın rəsmi saytına açıqlamasında Macarıstanın paytaxtı Budapeştdəki Avropa Olimpiya Təsnifat Turnirində finala çıxmaqla Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanması barədə danışarkən deyib.

87 kq çəki dərəcəsində mübarizə aparan idmançı bu uğura sevindiyini bildirib: "Sevinirəm ki, olimpiadaya lisenziya əldə edə bildim.

Oyunlarda iştirak etmək və orada medal qazanmaq hər idmançının arzusudur. Bu, mənim üçün doğum günü hədiyyəsi oldu.

Bu qələbəni ailəmə və bütün Azərbaycana həsr edirəm. Çünki bu lisenziyanı ölkəm adına qazanmışam. Mənə dəstək olan hər kəsə öz minnətdarlığımı bildirirəm".

Hələlik yunan-Roma güləşi üzrə yeganə lisenziyanın sahibi olan Abbasov əsas hədəfinin Tokio olimpiadasında yaxşı çıxış etmək olduğunu söyləyib:

"Əslində Olimpiya Oyunlarına daha çox vəsiqə qazana bilərdik. Uşaqlar lisenziyanın bir addımlığında dayandılar. Amma inanıram ki, mayda keçiriləcək

Dünya Olimpiya Təsnifat turnirində də lisenziyalarımız olacaq. Komanda yoldaşlarıma bu yolda uğurlar arzulayıram. Mənim bundan sonrakı hədəfim isə Olimpiadaya daha da yaxşı hazırlaşıb, Tokioda uğurlu çıxış etməkdir".

Azərbaycan güləşçiləri Budapeştdə ümumilikdə 3 lisenziya əldə edib. Bununla da Tokio olimpiadasına vəsiqələrin sayı beşə çatıb. Ölkəmiz Oyunlarda sərbəst güləşdə 65, 74 və 97 kq, qadın güləşində 50 kq, yunan-Roma güləşində isə 87 kq-da təmsil olunacaq.

Sonuncu lisenziya yarışı - Dünya Olimpiya Təsnifat turniri 6 - 9 mayda Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək. Həmin yarışda da hər çəkidə ilk iki yerin sahibi ölkəsinə olimpiya lisenziyası qazandıracaq.

Digər Xəbərlər
Xəbər Lenti
17 May 23:00 Bu il bağlanmayacaq?
17 May 17:00 Bu bonus sizin üçün