TRT-də bir futbol şərhçisi var, Ömər Üründül.
Adam bir dəfə matçın gedişində 3 qol vurmuş, adını unutduğum oyunçu haqqında deyibmiş ki, filankəs vurduğu 3 qol xaricində meydanda görünmədi.
İndi də Şahin Diniyev komandasının bütün qollarını vurmuş, liderliyi ilə mundialda ən çox rəğbət qazanan Kristiano Ronaldo haqqında deyib ki, onun oyunu yoxdu. Qolların birini penaldan, birini də qapıçının səhvindən vurub.
Cərimə zərbəsi və başla Mərakeşə vurulan qol sayılmır.
Ronaldo ee, a kişi, Ronaldo haqqında oyunu yoxdu deyir, bu mütəxəssis.
Elə bil, məhlədə yeniyetmələrin futbol mübahisəsidi. Messi qazdı, yox ə, Ronaldo qazdı.
***
DÇ-2018-də ikinci turun başa çatdığı digər qrup B qrupudu.
_İki oyundan sonra bir qələbə və 1 heç-heçə əldə edən İspaniya və Portuqaliya liderdi. İran yığmasının 3 xalı var və 3.cü pillədə qərarlaşıb.
_Xalsız Mərakeş isə 4.cü pillədədi və afrikalıların çempionatı tərk edəcəyi artıq rəsmiləşib.
_Qrupdan kimin çıxacağına isə son turda aydınlıq gələcək.
_İspaniyanı heç bir iddiası qalmayan Mərakeşlə oyunda heç-heçə də qane edir. Amma "matadorlar" birinci yer tutmaq istəyirsə, mütləq qələbə qazanmalıdı.
_Portuqaliyanın işi isə daha çətindi. Ronaldo və dostları 1/8 final şansını davam etdirən İranla oyunda diqqətli olmalıdılar. Doğrudur, onları 1 xal da qane edəcək, amma cənub qonşularımızın vuracağı bir qol və ondan sonra bütünlüklə müdafiəyə çəkilmələri Kristiano üçün mundialın erkən bitməsi ilə nəticələnə bilər. Liderlik faktorunu da nəzərə alsaq, tək hədəf qələbə olmalıdı.
Bu qrupun üçüncü turunda bizi maraqlı mübarizə gözləyir.
Zaur Xudiyev

