Rusiyada təşkil olunmuş dünya çempionatında ikinci turun oyunları keçirilir.
Sportinfo.az xəbər verir ki, iki komandanın qrupdan çıxması, üç komandanın isə turnirlə vidalaşması rəsmiləşib.
Uruqvay yığması Səudiyyə Ərəbistanı ilə görüşdə 1:0 hesabıyla qalib gəlməklə həm özü 1/8 finala vəsiqəni təmin edib, həm də mundialın təşkilatçısı Rusiyanı sevindirib.
6 xala malik bu iki komanda son turun nəticələrindən asılı olmayaraq, 1/8 finalda oynayacaqlar. Son turda bir-biri ilə qarşılaşacaq bu kollektivlər sadəcə, qrup liderliyi üçün mübarizə aparacaqlar.
Bu komandalarla birgə A qrupunda mübarizə aparan Səudiyyə Ərəbistanı ilə Misir isə mundialla vidalaşmalı olub.
Son turda üz-üzə gələcək bu iki komandanın dueli tamamilə formal xarakter daşıyacaq. Hər iki kollektiv əvvəlki oyunlarından məğlubiyyətlə ayrılıblar.
Misir və Səudiyyə Ərəbistanından öncə Mərakeş yığmasının da son turun nəticəsindən asılı olmayaraq, mundialla vidalaşması rəsmiləşmişdi.

