DÇ-2026-nın final oyunu maraqlı olmayıb.
Sportinfo.az xəbər verir ki,bunu "report"a açıqlamasında "Neftçi"nin sabiq baş məşqçisi Samir Abasov deyib.
Mütəxəssis finalda üz-üzə gələn İspaniya və Argentina seçmələrinin oyununun maraqsız keçdiyini bildirib:
"Final matçını izlədim, doğrusunu demək lazımdırsa, heç xoşuma gəlmədi. Dünya çempionatının finalına layiq oyun izləmədik. Hesab da, oyun da göstərdi ki, zövq alınası matç deyildi. Səbəbini izah etmək bir qədər çətindir. Fransanı finalda görürdü hər kəs. Lakin görünən o oldu ki, İspaniya daha yaxşı çıxış etdi və qalib gələrək finala adladı".
O, üçüncü yer uğrunda matçın daha maraqlı alındığını vurğulayıb:
"Həmin qarşılaşmanın hesabı da təəccübləndirmədi. Çünki hər iki yığma finala çıxa bilməmişdi, həmin maraq qalmamışdı. Üstəlik, açıq oyuna üstünlük verdilər. Etiraf etmək lazımdır ki, bürünc medal uğrunda görüşlər o dərəcədə də maraq kəsb etmir. Mən də daxil olmaqla bir çox şəxsdən ötən mundialda kimin üçüncü yeri tutduğunu soruşsanız, bilməyəcəklər. Çünki üçüncü yer yaddan çıxan bir şeydir".
Abasov mundialın ümumi səviyyəsindən də razı qalmadığını vurğulayıb:
"Ümumilikdə maraqlı görüşlər var idi. Lakin bəzən də həmin zövqü ala bilmirdik, matçlar adiləşirdi. Çünki komanda sayı həddən artıq çox idi. Elə komandalar var idi ki, onların ümumiyyətlə mundialda yeri yox idi. Çünki bəzi yığmalar dünya çempionatının gözəlliyinə xələl gətirirdilər. Belə götürsək, Almaniya - Kurasao görüşünü kim həvəslə gözləyirdi? Yəni bu o qədər də maraqlı oyun deyildi. Düzdür, yay mövsümü idi. Futbol olmayan vaxtlarda oyun izləmək şansı əldə etmişdik. Lakin ümumi fikrimi soruşsanız, bu dünya çempionatı xoşuma gəlmədi".
O, İspaniyanın çempionluğunu və Argentinanın finala yüksəlməsini haqq etdiyini söyləyib:
"Amma İspaniya layiqli çempion, Argentina isə layiqli finalçı oldu. Mən isə Kolumbiya, Ekvador kimi yığmalara azarkeşlik edirdim".
İspaniya finalda Argentina seçməsinə 1:0 hesabı ilə qalib gələrək tarixində ikinci dəfə dünya çempionu olub.

