Bu finalı xüsusi edən nədir?
Belə məqamlar kifayət qədərdir.
Bu, dünya çempionatları tarixində ilk finaldır ki, Amerika Kubokunun hazırkı qalibi Avropa çempionu ilə qarşılaşır.
Bundan əlavə, turnir tarixində ilk dəfə FIFA reytinqinin 1-ci və 2-ci pilləsində qərarlaşan millilər birbaşa finalda üz-üzə gəlirlər. Uzun müddət uyğun vaxtı tapılmayan Finalissima üçün bundan yaxşı məqam ola bilməzdi.
Argentina üçün bu, Dünya Çempionatlarında yeddinci finaldır. Daha çox final oynayan yalnız Almaniyadır-səkkiz dəfə. Argentinalılar indiyədək altı finalın yarısını qazanıblar: üç qələbə və üç məğlubiyyət.
Əgər Argentina qalib gəlsə, İtaliyadan (1934 və 1938) və Braziliyadan (1958 və 1962) sonra Dünya Çempionatını ardıcıl iki dəfə qazanan yalnız üçüncü komanda olacaq.
İspaniya üçün isə bu, 2010-cu il çempionluğundan sonra cəmi ikinci Dünya Çempionatı finalıdır.
Bununla belə, Avropa çempionatlarını da nəzərə alsaq, ispanlar altı finalın beşində qalib gəliblər. Yeganə məğlubiyyət 1984-cü il Avropa çempionatının finalında ev sahibi Fransa qarşısında olub.
Argentina və İspaniya indiyədək 14 dəfə qarşılaşıb. Hər komandanın aktivində altı qələbə var. Maraqlıdır ki, rəsmi oyunlarda onlar yalnız bir dəfə üz-üzə gəliblər – 1966-cı il Dünya Çempionatının qrup mərhələsində Argentina 2:1 hesabı ilə qalib gəlib.
Niyə İspaniya qalib gələ bilər?
İspaniyanın əsas üstünlüyü total nəzarət və demək olar ki, qüsursuz müdafiədir.
Turnir ərzində onlar cəmi bir qol buraxıblar. Orta gözlənilən buraxılmış qol göstəricisi (xGA) hər oyuna 0,31-dir. Bu, 1990-cı ildə Uruqvayın müəyyən etdiyi turnir rekordunun təkrarıdır.
Bundan əlavə, İspaniya Dünya Çempionatları tarixində ardıcıl altı oyunda qapısını toxunulmaz saxlayan ilk milli komanda olub.
İspaniyanın məğlubiyyətsiz seriyası artıq 37 oyundur və bu göstərici İtaliyanın rekorduna bərabərdir. Onlar sonuncu dəfə 2023-cü ilin mart ayında Avro-2024-ün seçmə mərhələsində Şotlandiyaya 0:2 hesabı ilə uduzublar.
Statistik maraqlı tendensiya da İspaniyanın xeyrinədir. Argentinanın üç dünya çempionluğu var və tarix göstərir ki, komandalar dördüncü titulu adətən üçüncü çempionluqdan ən azı 24 il sonra qazanırlar.
Braziliya 1970-ci ildən 1994-cü ilə qədər, İtaliya 1982-ci ildən 2006-cı ilə qədər, Almaniya isə 1990-cı ildən 2014-cü ilə qədər gözləməli olub.
Əgər bu tendensiya davam etsə, Argentina növbəti dəfə yalnız 2046-cı ildə dünya çempionu olacaq.
Niyə Argentina qalib gələ bilər?
Argentina turnirin ən məhsuldar hücum xəttinə malikdir: yeddi oyunda 19 qol vurub və xG göstəricisinə görə (17,69) birinci yerdədir.
Bundan başqa, Argentina Dünya Çempionatlarında artıq 13 oyundur məğlub olmur. Son məğlubiyyət 2022-ci ildə Qətərdə keçirilən mundialın ilk turunda Səudiyyə Ərəbistanına qarşı sensasiyalı 1:2 hesablı oyun olub.
Onları rekorddan cəmi bir oyun ayırır.
Argentinanın xeyrinə başqa bir statistika da var. Son 60 ildə mundialın əsas favoriti yalnız üç dəfə çempion olub: Almaniya (1974), Braziliya (1994) və İspaniya (2010).
Cənubi Amerika yığmaları isə Şimali Amerikada keçirilən Dünya Çempionatı finallarında heç vaxt məğlub olmayıblar: Braziliya (Meksika 1970), Argentina (Meksika 1986) və yenidən Braziliya (ABŞ 1994).
Dünya Çempionatı finallarında qırmızı formada çıxış edən komanda yalnız bir dəfə qalib gəlib. Maraqlıdır ki, bu İspaniya olmayıb. İspaniya 2010-cu ildə Niderlanda qarşı finalda tünd-göy səfər formasında oynayıb.
Qırmızı formada dünya çempionu olan yeganə komanda 1966-cı ildə İngiltərə olub. 2026-cı ilin finalında isə İspaniya məhz öz ənənəvi qırmızı formasında çıxacaq.
Argentinanın növbəti kambeki nə dərəcədə realdır?
Argentina artıq pley-off mərhələsində dörd dəfə geridönüş edib.
Üstəlik, bütün bu qələbələr əsas və ya əlavə vaxtın son 10 dəqiqəsində vurulan qollar sayəsində əldə olunub.
Bu, Dünya Çempionatları tarixində mütləq rekorddur. Daha əvvəl heç bir komanda bir turnirdə üç belə qələbə belə qazana bilməmişdi.
Əgər bu ssenari finalda da təkrarlansa, futbol tarixinin ən inanılmaz çempionluq hekayələrindən biri yaranacaq.
Şanslar həqiqətən də yüksək deyil. Çünki İspaniya bu turnirdə hesabda önə keçdiyi heç bir oyunda üstünlüyünü əldən verməyib və matçların son hissələrində Argentinanın əvvəlki rəqiblərindən daha etibarlı çıxış edib.
Messi, yoxsa Yamal?
Finalın əsas süjeti nəsillərin qarşıdurmasıdır: 39 yaşlı Lionel Messi və 19 yaşlı Lamin Yamal.
Bu, Dünya Çempionatı tarixində ilk final olacaq ki, start heyətlərində yaşı arasında ən azı 20 il fərq olan futbolçular yer alacaq.
Messi 39 yaş 25 günlüyündə mundial finalları tarixinin ən yaşlı meydan oyunçusu olacaq.
Yamal isə 19 yaş 6 günlüyündə tarixə ən gənc finalçılardan biri kimi düşmək şansı qazanacaq. Ondan daha gənc olanlar yalnız Pele (1958 - 17 yaş 249 gün) və Cüzeppe Berqomi (1982 - 18 yaş 201 gün) olublar.
Maraqlıdır ki, Messi və Yamal 2026 Dünya Çempionatının ən yaxşı driblinq ustalarıdır.
Messinin aktivində 25 uğurlu driblinq var ki, bu da 30 yaşdan yuxarı futbolçular arasında mundial rekordudur.
Yamal isə 22 uğurlu driblinqlə yeniyetmələr arasında ən yaxşı nəticəni təkrarlayıb. Eyni göstərici 2018-ci ildə Kilian Mbappedə olmuşdu.
Messi finala qədər səkkiz qol vurub və dörd məhsuldar ötürmə edib.
SPORTİNFO,AZ

