Dünya çempionatının yarımfinalında İspaniyanın Fransaya qarşı üstünlüyü ələ keçirməsindən sonra tribunada göz yaşlarını saxlaya bilməyən balaca azarkeşin görüntüləri sosial şəbəkələrdə müzakirələrə yol açıb.
Sportinfo.az xəbər verir ki, qarşılaşmanın yayımı zamanı operatorlar ağlayan Fransa azarkeşi olan uşağı kameraya alaraq görüntüləri milyonlarla tamaşaçıya təqdim ediblər.
Lakin bu kadrlar azarkeşlərin bir hissəsinin narazılığına səbəb olub.
Sosial şəbəkə istifadəçiləri yayım qrupunu azyaşlı azarkeşin emosional anını bütün dünyaya göstərdiyinə görə tənqid ediblər.
“İspaniya Fransaya qol vurduqdan sonra o balaca uşağın ağladığını göstərən operator dəlidir”, – deyə istifadəçilərdən biri yazıb.
“Stadionda ağlayan o fransız uşağın göstərilməsi, bəlkə də, onun həyatının ən ağır anlarından biri idi”, - başqa bir azarkeş narazılığını ifadə edib.
Digər paylaşımlarda isə “Yazıq uşaq” kimi şərhlər yer alıb.


