Futbol tarixini yalnız qazanılan kuboklar, vurulan qollar və əldə edilən rekordlar formalaşdırmır.
Bu oyunun görünməyən bir tarixi də var, heç vaxt baş verməyən hadisələrin, yarımçıq qalan karyeraların, son anda qaçırılan fürsətlərin tarixi...
Bəzən bir zədə, bir penalti, bir transfer və ya bir hakim qərarı milyonlarla insanın yaddaşında "kaş ki..." kimi qalır.
Məhz buna görə futbol tarixinin ən maraqlı suallarından biri də “əgər belə olsaydı nə baş verərdi?" sualıdır. Bəzi hadisələr var ki, onların fərqli nəticələnməsi futbolun bütün tarixini dəyişə bilərdi. Məsələn, braziliyalı ulduz Ronaldo... O, zədələnməsəydi, kim bilir nələr ola bilərdi...
Bəlkə də futbol tarixinin ən böyük "kaş k...i"si budur. 1996-1999-cu illərdə Ronaldo Nazario sadəcə dünyanın ən yaxşı futbolçusu deyildi. O, futbolun gələcəyini dəyişən fenomen idi. Sürət, texnika, güc və qol hissiyyatı bir futbolçuda bu qədər mükəmməl birləşməmişdi. 2000-ci ildə “İnter”də çıxış etdiyi dövrdə yaşadığı ağır diz zədəsi isə hər şeyi dəyişdi. Əfsanə Maradona sonralar onun haqqında "əgər zədələr olmasaydı, futbol tarixinin ən böyüyü olardı" fikrini səsləndirmişdi.
Ronaldo sonradan dünya çempionu oldu, "Qızıl top" qazandı, amma futbol ictimaiyyətində hələ də bir fikir yaşayır. Əgər həmin zədələr olmasaydı, bəlkə də bu gün Messi və Ronaldo (CR7) deyil, Ronaldo Fenomeno futbol tarixinin mübahisəsiz bir nömrəsi hesab ediləcəkdi...
28 yaşında futbolu tərk edən Marko van Basten…

Üç dəfə "Qızıl top" qazanan holland hücumçu futbol tarixinin ən mükəmməl forvardlarından biri hesab olunur. Lakin davamlı topuq problemləri səbəbindən Van Basten faktiki olaraq 28 yaşında böyük futboldan uzaqlaşdı. O, 31 yaşında rəsmi olaraq karyerasını bitirsə də, son illərində demək olar ki, futbol oynamadı. Əgər Van Basten sağlam qalsaydı, bəlkə də bu gün Pele, Maradona, Messi və Kriştiano Ronaldo ilə eyni sırada müzakirə edilən futbolçulardan biri olardı. Bu fikir futbol ictimaiyyətində hələ də müzakirə edilir.
Gələk, braziliyalı ulduz Neymara. Azarkeşlər hələ də onun "Barselona"nı tərk etməyini müzakirə edirlər.
2017-ci ildə Neymarın PSJ-yə keçidi futbol tarixinin ən səs-küylü transferi oldu. Həmin dövrdə Messi-Suarez-Neymar üçlüyü dünya futbolunun ən güclü hücum xətti hesab edilirdi. Bir çox mütəxəssis düşünür ki, Neymar "Barselona"da qalsaydı, daha çox "Qızıl top" uğrunda mübarizə aparacaq və bəlkə də Messinin varisi olacaqdı.
Əvəzində onun karyerası zədələr, qeyri-sabitlik və böyük gözləntilərin kölgəsində keçdi.
Messi Dünya Kubokunu qazana bilməsəydi, nələr olardı?
2022-ci ilin Qətər mundialına qədər Messi haqqında ən çox səslənən tənqidlərdən biri dünya çempionu olmaması idi. Argentina finalda Fransaya uduzsaydı, futbol tarixinin ən böyük mübahisələrindən biri daha da alovlanacaqdı. Messi bəlkə də bütün rekordlarına baxmayaraq, həmişə "Dünya Kubokunu qazana bilməyən dahi" kimi xatırlanacaqdı. Emiliano Martinesin Kolo Muaninin zərbəsini son saniyələrdə çıxarması yalnız oyunu deyil, futbol tarixindəki ən böyük müzakirələrdən birini də dəyişdi.

Ziko Dünya Kuboku qazansaydı...
1982-ci il Braziliya millisi futbol tarixinin ən gözəl oynayan komandalarından biri hesab edilirdi. Ziko, Sokrates, Falkao və Junior kimi ulduzlarla zəngin olan həmin kollektiv dünya çempionu ola bilmədi. İtaliyaya məğlubiyyət Braziliya futbolunun ən böyük faciələrindən biri sayılır.
Əgər həmin komanda kuboku qazansaydı, Zikonun adı bu gün Pele və Maradona ilə eyni sırada çəkilə bilərdi. Bir çox futbol tarixçiləri onu "Dünya Kuboku qazanmayan ən böyük futbolçu" hesab edirlər.

Kriştiano Ronaldo "Arsenal"a keçsəydi...
2003-cü ildə Arsen Venger gənc Ronaldonu transfer etməyə çox yaxın idi. Lakin son anda "Mançester Yunayted" bu yarışı qazandı və futbol tarixinin istiqaməti dəyişdi. Ronaldonun “Old Trafford”da Ser Aleks Ferqyusonun rəhbərliyi altında inkişaf etməsi onun dünya ulduzuna çevrilməsində həlledici rol oynadı.
Əgər həmin transfer baş tutsaydı, həm "Arsenal", həm də Avropa futbolunun son iyirmi illik tarixi tamam fərqli görünə bilərdi.
İnsana ən böyük zərbəni bəzən elə insanın özü vurur. Məsələn, şimali irlandiyalı Corc Best. O, özünü məhv etməsəydi bəlkə də ölkəsi və şəxsi adına nələr olmazdı…
Pele bir dəfə Corc Best haqqında “gördüyüm ən istedadlı futbolçu” ifadəsini işlədib. Lakin alkoqol, gecə həyatı və intizamsızlıq şimali irlandiyalı dahinin potensialını tam reallaşdırmasına imkan vermədi. Futbol dünyası hələ də düşünür ki, əgər Corc Best yalnız futbola fokuslansaydı, onun adı bu gün bəlkə də bütün zamanların ən böyüyü kimi çəkiləcəkdi.
Futbolun gözəlliyi həm də bundadır ki, ən çox azarkeşə sahib bu idman növünün tarixində minlərlə qol vurulub, yüzlərlə kubok qazanılıb. Amma bəzən baş verməyən hadisələr baş verənlərdən daha çox müzakirə olunur.
Ronaldo zədələnməsəydi...
Van Basten daha on il oynasaydı...
Neymar Barselonada qalsaydı...
Portuqaliyalı Ronaldo “Arsenal”ı seçsəydi…
Messi Dünya Kubokunu qazana bilməsəydi...
Bu sualların heç vaxt dəqiq cavabı olmayacaq. Məhz buna görə futbol təkcə nəticələrdən ibarət deyil. Futbol həm də milyonlarla azarkeşin xəyalında yaşayan "kaş ki"lərin oyunudur...
Cavanşir ABBASLI

