
Bakıda keçirilən minifutbol üzrə dünya çempionatının qrup mərhələsi başa çatıb.
Sportinfo.az xəbər verir ki, Milli Gimnastika Arenasında mübarizə aparan 32 komandadan 16-sı mundialla vidalaşıb.
Çempionatın ilk altı günü bir sıra maraqlı məqamlarla əlamətdar olub.
Millimiz 1/8 finalda
Azərbaycan millisi üçün ev mundialı Bəhreynlə heç-heçə ilə başlayıb. 1:1 hesablı bərabərlikdən sonra Sloveniyaya 4, Mavritaniyaya 2 qol vuran yığmamız A qrupunun qalibi olub. Komandamız 1/8 finalda Rumıniya ilə üz-üzə gələcək.
Vitse-çempiondan vida
Mindialın ən böyük sensasiyası 2 il əvvəl finala yüksələn Qazaxıstandır. Vitse-çempion qrup mərhələsini adlaya bilməyib. Polşaya uduzan, Bosniya və Herseqovina ilə heç-heçə edən qazaxıstanlılar ABŞ-ı udsalar da, 4 xalla qrupda qaldılar.
Mükafatçıların çətin sınağı
BƏƏ-də dünya çempionu olan Rumıniya üçün də qrup mərhələsi çətin alınıb. 1/8 finala vəsiqəni son turda qazanan komanda qrupda ikinci yerlə kifayətlənib. İki il əvvəl bürünc qazanan Macarıstan da yalnız ikinci yerlə istəyinə çatıb. Çempion Fransadan, bürünc mükafatçı İngiltərədən geri qalıb.
Debütantların fərqi taleyi
İlk dəfə mundiala qatılan komandalar fərqli tale yaşayıblar. Onlardan altısı 1/8 finala adlamağı bacarmayaraq mundiala vida edib. Bu uğursuzlar Bəhreyn, Sloveniya, Çad, Türkiyə, Özbəkistan və İndoneziya olub. Mavritaniya, Polşa və İsrail elə ilk cəhdindən qrupdan çıxıb.
Ronaldonun həmyerliləri və Serbiya
Mundialda yalnız iki komanda bütün matçlarda qələbə qazanıb. Portuqaliya ilə Serbiya qrup mərhələsində xal itirməyib. Sonuncular İspaniya, İsrail və Qanaya qalib gəliblər. Kriştiano Ronaldonun həmyerliləri isə Bolqarıstan, Slovakiya və Hindistandan güclü olublar.
Xalsız qalanlar
Dünya çempionatının 5 iştirakçısı bütün oyunlarda uduzub. Mundiallaırn daimi autsayderi Hindistanın uğursuzluları adi hal alıb. Onlar kimi , Kosta-Rika, Argentina, Qana və Ukrayna da qrupda xal qazanmayıb. Bu komandalar rəqibləri üçün “xalpaylayıcı” olublar.
Dörd xalllıq üzüntü
Bəzi qruplarda mübarizə gərginliyi ilə diqqət çəkib. Bunun nəticəsidir ki, 4 xal da 1/8 final üçün yetərli olmayıb. 8 qrupun yarısında 3-cü yer sahibi 4 xalla üzülüb. Bəhreyn, Özbəkistan, Türkiyə və Qazaxıstan 1 dəfə uduzduğu mundiala vida edib. Qələbə ilə heç-heçə bu komandalara yetərli olmayıb. Hərçənd Rumıniya və Mavritaniya elə 4 xalla 1/8 finala yüksəlib.
Yalnız Hindistan
Mundialın ən məhsuldar oyununda 15 qol vurulub. Slovakiya Hindistanı cavabsız qollarla darmadağın edib. Asiya təmsilçisi mundialda qol vurmayan yeganə komanda olub. Portuqaliyadan 8, Bolqarıstandan 5 top buraxan aşkar autsayder Bakıda 28 qola üzülüb. Monteneqronun Kosta-Rika üzərində qələbəsi də darmadağın kimi yadda qalıb – 9:0.
36 oyunda 192 qol: 15 qol vuran qrupda qalıb
Bakıdakı mundialda ümumilikdə 192 qol vurulub. 36 matçda orta məhsuldarlıq 5,33-ə bərabər olub. Slovakiya hamıdan çox – 16 qola sevinib. Bunlardan 15-ni Hindistana vuran slovakiyalılar sonda qrupda qalıb. Monteneqro 14, Portuqaliya və Çexiya 13 qola sevinib (idman.biz).