
Azərbaycanın minifutbol millisinin Bakıda keçiriləcək dünya çempionatına hazırlıq planı müəyyənləşib.
Sportinfo.az xəbər verir ki, bu barədə “report”a Minifutbol Federasiyasının baş katibi Orxan Hüseynov məlumat verib.
O, komandanın keçirəcəyi oyunların tarixinin müəyyənləşdiyini söyləyib:
“Yığma aprelin 18-də Monteneqroya təlim-məşq toplanışına yollanacaq. Aprelin 19-dan 23-nə qədər məşqlərdə iştirak edəcəklər.
Ayın 28-dək Monteneqroda olacaqlar və turnirə qatılacaqlar. Komanda aprelin 24-ü səhər Bosniya və Herseqovina, axşam isə Türkiyə millisi ilə görüşəcək.
Bir gün sonra Monteneqro ilə oynayacaqlar. Aprelin 26-da isə Qazaxıstanla qarşılaşacağıq”.
Qurum rəsmisi daha sonra millinin Slovakiyada keçiriləcək turnirə qatılacağını bildirib:
“Milli aprelin 28-də Slovakiyaya yollanacaq və orada keçiriləcək turnirə qatılacaq. A qrupunda yer alan komanda aprelin 30-da Ukrayna və Slovakiya ilə qarşılaşacaq.
Növbəti gün isə yarımfinal, final və üçüncü yer uğrunda matçlar olacaq”.
Azərbaycan yığması Milli Gimnastika Arenasında təşkil olunacaq dünya çempionatının A qrupunda Sloveniya, Mavritaniya və Bəhreynlə mübarizə aparacaq.
32 komandanın iştirak edəcəyi mundial mayın 21-dən iyunun 1-dək təşkil olunacaq.