"Alman maşını"na nə olub - 1 xalla çempion olmaz

28 Noyabr 2022 11:00 Dünya çempionatı 383
"Alman maşını"na nə olub - 1 xalla çempion olmaz

Kosta-Rika 6-cı dəfədir Dünya Kubokunda iştirak edir (1990, 2002, 2006, 2014, 2018, 2022).

“Real”dan və PSJ-dən tanıdığımız qapıçı Keylor Navasın komandası Braziliya mundialında 1/4-dək irəliləmiş, həmin çempionatın sürpriz komandası olmuşdu.

KONKAKAF zonasında qrupda 4-cü yeri tutan Kosta-Rika pley-offda Yeni Zelendiyaya minimal hesabla (1:0) qalib gələrək Qətər mundialına sonuncu vəsiqə qazanan komanda olmuşdu.

İspanlarla oyunda ağır məğlubiyyətə baxmayaraq, yaponlarla qarşılaşmada son dəqiqələrdə vurduqları topla şanslarını sonuncu tura saxlaya bildilər. Kosta-Rikanın heyətində Yeltsin Texedanın (Tejeda) olduğunu bilirsiniz. Rusiyanın ilk prezidentinin şərəfinə qoyulmuş Yeltsin Rusiya mundialında cəmi bir neçə dəqiqəliyə meydana çıxmışdı, Qətərdə isə kosta-rikalıların heyətdə artıq möhkəmləndiyi görünür.

Ümumiyyətlə, belə komandalar mundiallarda müvəqqəti qonaqlardırlar. Dünya Kubokunda qapısından 7 top buraxan komandanın nə işi?

Belçikanın Kanadaya 1 topla qalib gəldiyi “cansıxıcı, akademik və zəif emosiyalı” oyunu haqda yazdığım fikirlər Mərakeşlə qarşılaşmada yerini tutdu. Mərakeşlə oyunda heç-heçəni düşünürdülər, amma afrikalılar onları cəzalandırdılar.

Снимок.PNG (1.76 MB)

Mərakeş avropalılardan yaxşı oynadı və heyətində ulduz futbolçular olan belçikalıların işlərini zora soxdular. Belçika hər belə turnirlərdə “çempionluğa namizədlər” siyahısında olmağa öyrəncəlidir, amma siyahı ayrı, göstərdiyin oyun ayrı. Budurmu Avropanın top-5 komandası?

chempionat-mira-2022-belgiya-marokko_16695618701442095824.jpg (138 KB)

Bu qarşılaşmada mundialın ilk kurioz hadisəsi də baş verdi. Mərakeş millisinin qapıçısı Yassin Bono (“Sevilya” klubu) meydana çıxdı, komanda ilə himni oxudu, rəqib oyunçularla salamlaşdı. Komanda fotosunda Bono artıq yox idi, onu başqa qapıçı əvəz etmişdi...

Rusiyadakı Dünya Kubokunun finalçısı, heyətindəki futbolçularının dəyəri 377 milyon avro olan Xorvatiyanın Kanada ilə qarşılaşmada mundialın ən erkən topunu qapısından buraxmaqla əlavə motivasiya əldə etdi və artıq ikinci hissənin sonunda hesabı öz xeyirlərinə dəyişəyə bildilər. İkinci hissədə artıq meydanda görmək istədiyimiz komanda vardı. Kramariçin qolu (dublu) ilə bu oyunda hər şeyə aydınlıq gəldi... Son hesab elə hokkeyə də oxşadı: 4:1

Croatia-v-Canada-Group-F-FIFA-World-Cup-Qatar-2022 (1).png (122 KB)

Xorvatiyaya “qaçqın komandası” demək olar, çünki 37 yaşlı Luka Modriç də daxil, bəzi futbolçuları Balkan (Yuqoslaviya) müharibəsində qaçqın həyatı yaşmağa məcbur olublar. Xorvatiya futbolu daima təzə oyunçularla yenilənir, amma bu proses bir qədər ləng gedir, bəlkə də “qocalar” hələ də öz mövqelərində yaxşı oynayırlar o səbəbdən... Qətərə ilk mundialına gəlmiş 20 yaşlı Yoşko Qvardiol Xorvatiyanın heyətində ən bahalı oyunçudur. Almaniya “Leypsiq”i müdafiəçi ilə 60 milyon avroya anlaşıb...

Kanadanın hokkeydən sonra futbolda da adını tanıtmaq istəməsi göz qabağındadır. Kanada millisi bundan əvvəl yalnız bir dəfə 1986-cı ildə mundialda oynayıb, bu onların belə mötəbər yarışda ikinci iştiraklarıdır. Deyim ki, Kanada Qətərə gəlmək üçün üç təsnifat mərhələsindən keçməli olub. Həlledici mərhələdə - ABŞ, Meksika, Kosta-Rika və bir sıra digər komandaların rəqibləri olan kanadalılar 14 oyunda 28 xalla birinci yeri tutmağı bacarıblar. Komanda Belçika ilə oyunda da titullu rəqiblərindən çəkinmədilər. İndi bu qrupda həlledici qarşılaşma Belçika-Xorvatiya arasında olacaq. Xorvatiya və Mərakeşi heç-heçə də növbəti mərhələyə çıxaracaq. Belçikaya isə mütləq qələbə lazımdır... Bu oyunla çətin.

volga.jpg (91 KB)

Nəhayət, bir neçə dəqiqədən sonra başlayacaq Almaniya-İspaniya oyunu haqda. Nə demək olar? Proqnoz vermək üçün çətin bir oyundur. Almaniya artıq ilk turdan sonra elə vəziyyətə düşüb ki, ona yalnız qələbə lazımdır, əks halda dünya çempionatını vaxtından əvvəl tərk edəcəkdi. İspaniya ilk matçı kosta-rikalılarla rahat keçirdi, ona görə bu komandanın gücü nədir görə bilmədik. Aydındır ki, ispanları heç-heçə də qane edəcək.

Qətərdə keçirilən dünya çempionatında elə ilk oyun Almaniya millisinin əsas probleminin müdafiə olduğunu göstərdi. Orta xətdə hücumçu sarıdan da almanların problemi var. Yaponiya ilə qarşılaşmada almanlar birinci hissədə və ikinci hissənin əvvəlində üstün oynadılar. Hesabın 1:0 almanların xeyrinə olması komandanı ya arxayınlaşdırdı, ya da “alman maşını” qəfil dayandı. Konsentrasiyanı itirdilər və buna görə iki dəfə cəzalandırıldılar. İndi qrupdan çıxmaq böyük sual altındadır. Bu isə Almaniya üçün faciə deməkdir. Elə Almaniya azarkeşləri üçün də.

Almaniyanın növbəti tur şansını davam etdirmək üçün bu gecə yaxşı mənada “nemes” olması lazım...

P.S. Almaniya millisi İspaniya ilə oyunda da qalib gələ bilmədi: 1:1. Bu nəticə komandanın hələ də növbəti mərhələ şansını saxlayır. Amma bu komanda ilə çempionluğu ümid etmək təəssüf ki, mümkünsüz görünür.

Nazim SABİROĞLU

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"