Ən bahalı, rüşvət ittihamı, dəhşət saçan iddialar və daha nələr… HAMISI BİR QƏTƏRDƏ!

20 Noyabr 2022 13:00 Dünya çempionatı 858
Ən bahalı, rüşvət ittihamı, dəhşət saçan iddialar və daha nələr… HAMISI BİR QƏTƏRDƏ!

Dünya yenə Ərəbistan yarımadasına - dini ehkamların dili ilə desək, müqəddəs torpaqlara axışır.

Bu dəfə səbəb Həcc ziyarəti deyil.

Heç gələnlərin də hamısı müsəlman deyil. Bəşəriyyəti futbol birləşdirib.

Müsəlman, xristian, buddistdən, Afrikanın ənənəvi qəbilə dinlərinə sitayiş edənlərə kimi. Tarixin futbol üzrə 22-ci dünya çempionatı təqvimin 2022-ci ilində Qətərə qonaq gəlib.

Dünyanın ƏN zəngin, həm də ƏN isti ölkəsi öz tarixinin ƏN böyük tədbrinə ev sahibliyi edir.

Dünya çempionatı ilk dəfədir ilin bu vaxtı – payız-qış aylarında keçirilir. Təbii ki, yayda 50 dərəcə istidə futbol oynamaq mümkün olmadığından, FİFA-nın bu qərarı anıaşılandır.

Amma yarışın futbol aləmində heç bir çəkisi olmayan ölkəyə həvalə edilməsi elə FİFA tərəfindən qərarın açıqlandığı gündən geniş rezonans doğurdu.

Sonradan Amerika və Qərbi Avropa mediasında Qətər hakimiyyətinin mundiala ev sahibliyi hüququnu almaq üçün FİFA rəsmilərinə 100 milyondan artıq rüşvət verməsi barədə iddialar səsləndi.

İddia rəsmi təsdiqini tapmasa da, bugünlərdə FİFA-nn sabiq prezidenti Yozef Blatterin “dünya çempionatının təşkilatçılıq hüququnun Qətərə verilmısi səhv qərar idi” açıqlaması rüşvətlə bağlı ehtimalları bir qədər də gücləndirdi. Amma bunun indi elə bir əhəmiyyəti yoxdur.

Artıq dünya növbəti mundialın açılışını gözləyir. Dünyanın ən zəngin dövləti böyük futbol bayramına adına layiq hazırlaşıb.

Hətta iddialara görə, bəzi oyunlarda trubunaların boş qalacağındna ehtiyatlanan Qətər hakimiyyəti Hindistan, Pakistan, Filippin kimi ölkələrdən müxtəlif yığmalara azarkeşlik etmək üçün pulla “fanat ordusu” da kirayələyib.

Gündə 3 dəfə yemək, otel və hər oyuna görə 10 dollar! Bu ölkələrin işçi qüvvəsi kimi, “kirayəlik azarkeşləri” də Qətərdə bu qədər ucuz qiymətləndirilir.

Mundial başlamamış başlayan qalmaqallardan biri də açılış matçı ilə bağlıdır. Bəhreynli bir jurnalistin iddiasına görə, Qətən Ekvadorla keçiriləcək açılış oyununda uduzmaları üçün rəqib komandanın 8 futbolçusunu pulla ələ almağa cəhd edib.

8 oyunçuya ümumilikdə, 7 milyon 400 min dollar rüşvət təklif olunub. Görünür, Qətər əmirləri açılş matçını özləri üçün ikiqat bayrama çevirmək niyyətindədir.

Ölkədə yeni stadion və otellərin tikintisinə, ümumiyyətlə, infrastrukturun qurulmasına, qeyri-rəsmi məlumatlara görə, 300 milyard dollardan artıq vəsait xərclənib.

İnandırıcıdır. “Səhrada cənnət yaratmağın” qiyməti, cətin ki, bundan aşağı olsun. Bu, dünya çempionatlarının 92 illik tarixi ərzində mundialın təşkilinə xərclənən rekord məbləğdir.

Tarixin ən bahalı mundialının əsas özəlliklərindən biri dördqat dünya çempionu İtaliya millisinin çempionatdan kənarda qalmasıdır.

Təşkilatçı ölkə isə ilk dəfə belə böyük futbol festivalında iştirak edəcək. Ev sahibi olmasaydılar, yəqin ki, qətərlilər də bizim kimi bu bayramın iştirakçısı olmağı uzun illər gözləyəcəkdi.

İsti Qətər kimi, soyuq Kanadada da bu çempionat az qala ümumilli bayram kimi qəbul edilir. Kanadalılar 36 illik fasilədən sonra tarixlərində 2-ci dəfə dünya nəhənglərinin yarşında yer alıb.

Asiya qitəsi dünya çempionatında həmişəki kimi özünün “futbol avtoritetləri” – Yaponiya, Cənubi Koreya, Səudiyyə Ərəbistanı və İranla təmsil olunacaq.

Afrikadan da dünya çempionatlarında görməyə adət etdiyimiz komandalar gəlib: Kamerun, Seneqal, Qana, Mərakeş və Tunis. Əlbəttə, Misir, Əlcəzair, Nigeriya və Fil Dişi Sahilini də Qətər meydanlarından görmək maraqlı olardı, amma “günahkar” özləridir. FİFA-nın Afrikaya ayırdığı 5 vəsiqədən birinə sahib çıxa bilmədilər.

Kosta Rika, ABŞ və Avstraliya turnirdə hansısa oyunda sürpriz etməyə qadir komandalardır. Favoritlər isə dəyişməzdir: Braziliya, Argentina, Almaniya, İngiltərə, Fransa və İspaniya.

Belçika, Xorvatiya, Portuqaliya və Niderland isə başlıca favorit sayılmasalar da, çempionluq qazansalar, təəccüblü olmayacaq.

Axırıncı dəfə - 2002-ci ildə Braziliyanın çempionluğundna sonra Avropa komandaları 20 ildir dünya kubokunu Cənubi Amerika yığmalarına vermir.

Yeri gəlmişkən, həmin çempionat da tarixdə ilk dəfə Asiya qitsində - Cənubi Koreya və Yaponiyada keçirilmişdi. Bu çempionat həm də iki dahinin, canlı futbol əfsanələrinin – Lionel Messi və Kriştianu Ronaldonun son mundialı olacaq.

Klublarında mümkün bütün titulları qazanan bu ulduzların medal kolleksiyasında çatışmayan yeganə mükafat mundialın qızıl medalıdır.

Görək, artıq yaşı 36-nı haqlayan Messi və ya Ronaldo sonuncu şansdan istifadə edə biləcəkmi? Bu, həm Messi, həm də Ronaldonun iştirak edəcəyi 5-ci dünya çempionatı olacaq.

Onlardan başqa, portuqaliyalı Pepe və Meksikanın 37 yaşlı qapıçısı Gilyermo Oçoa da 5-ci dəfə mundiala qatılmaqla adlarını futbol tarixinə yazdıracaq.

Baxmayaraq ki, bu mundiala görə dünyanın ənənəvi futbol düzəni pozuldu, liqalarda vaxtından əvvəl fasilə yarandı, Qətərə getməyən futbolçu və məşqçilər məcburi tətilə göndərildi, amma bunu keçmək olar.

Axı bu, dünya çempionatıdır - bəşəriyyətin hər 4 ildən bir səbrsizliklə gözlədiyi nəhəng futbol festivalı.

Xoş gəldin, futbol dünyasının müqəddəs ayı, bayramınız mübarək dəyərli azarkeşlər!

İLKİN

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
29 İyun 18:10 Çək və bizə göndər!