
Azərbaycan millisinə keçidi baş tutmayan fiqurlu konkisürən Veronika Jilina Rusiya yığmasına qayıdıb.
Sportinfo.az xəbər verir ki, bu barədə SSRİ-nin əməkdar məşqçisi Tatyana Tarasova "Sport24" saytına açıqlamasında deyib.
"Jilina Rusiya millisinin lideri olmağa qadir qızlardan biridir. O, bu il bizimlə qalacaq. Veronikanın çıxışlarından sonra ümumi vəziyyətə baxacaqlar.
O, hazırda komandadadır. Bizim çox yaxşı qızlarımız var, Veronika da onlardan biridir. Jilina bu il Rusiya üçün çıxış edəcək.
Onun Azərbaycanı təmsil etmək istəyi qətidirsə, o zaman daha bir il buraxmalı olacaq", - deyə Tarasova bildirib.
Beynəlxalq Konkisürmə Birliyi (ISU) Veronika Jilinanın Azərbaycan millisinə keçidinə icazə verməyib. 17 yaşlı idmançı mayın 14-də sosial şəbəkə hesabında Azərbaycan pasportunu aldığını bildirib.
Bundan əvvəl Rusiya Fiqurlu Konkisürmə Federasiyası Veronika Jilinanı Azərbaycan millisinə buraxmaqdan imtina etmişdi.
Milli federasiyanın prezidenti Anton Sixarulidze bildirib ki, Jilina uzun illər Rusiya millisinin lideri ola bilər.