İşsiz vətəndaşların ünvanlı dövlət sosial yardımı alıb-ala bilməsi tez-tez müzakirə olunan məsələlərdən biridir.
Bir çox hallarda hesab olunur ki, işsiz olmaq avtomatik olaraq bu yardımı almaq hüququ yaradır.
Halbuki qanunvericiliyə görə, sosial yardım yalnız müəyyən şərtlər daxilində və gəliri ehtiyac meyarından aşağı olan ailələrə təyin edilir. Bəs işsiz şəxslərə hansı hallarda ünvanlı dövlət sosial yardım təyin oluna bilər?
İqtisadçı Xalid Kərimli metbuat.az-a açıqlamasında bildirib ki, yaşayış minimumu ailə üzvlərinin sayına görə hesablanır və burada işləyib-işləməmək əsas meyar sayılmır:
“Ailə üzvlərinin sayı yaşayış minimumunun məbləğinə vurulur. Məsələn, bir ailədə dörd nəfər varsa, 300 manat yaşayış minimumu dörd nəfərə vurulur və ümumi məbləğ 1200 manat edir. Daha sonra ailənin rəsmi gəlirləri nəzərə alınır. İstər işləsinlər, istər işləməsinlər, əgər gəlirləri yoxdursa, dörd nəfərlik ailə üçün 1200 manat hesablanır, yəni hər nəfərə 300 manat düşür. Əgər ailə üzvləri işləyirsə, 1200 manatdan ər-arvadın və digər ailə üzvlərinin rəsmi gəlirləri çıxılır və qalan fərq ödənilir. Burada işləməklə bağlı əsas məqam ondan ibarətdir ki, şəxsin gəliri həmin məbləğdən çıxılır və yalnız fərq hesablanaraq ödənilir”.
Ekspert ünvanlı sosial yardımın verilmədiyi halları da açıqlayıb:
“Məsələn, mülkiyyətində nəqliyyat vasitəsi olan şəxslərə yardım düşmür. Məntiq ondan ibarətdir ki, əgər şəxsin nəqliyyat vasitəsi varsa, o, kasıb sayılmır və ehtiyac yaranarsa, həmin nəqliyyat vasitəsini sataraq vəsait əldə edə bilər. Eyni təyinatlı iki daşınmaz əmlakı olanlara da yardım verilmir. Məsələn, bir şəxsin iki evi varsa, artıq bu halda ünvanlı sosial yardım təyin edilmir. Bundan başqa, kommunal xərclər yaşayış minimumunun 15 faizindən çox olduqda da yardım verilməyə bilər. Məsələn, yaşayış minimumu 300 manatdırsa, onun 15 faizi 45 manat edir. Əgər şəxsin kommunal xərcləri 45 manatdan çox olarsa, bu halda hesab olunur ki, o, kommunal xidmətlərdən artıq istifadə edir və buna görə də yardım təyin edilmir. Səhv və ya yalan məlumat təqdim edildiyi halda isə verilmiş sosial yardım sonradan geri tələb olunur. Həmçinin ailənin rəsmi gəlirləri yaşayış minimumu səviyyəsini keçərsə, bu halda da yardım verilməz. Ümumiyyətlə, yalnız yaşayış minimumu ilə real gəlir arasındakı fərq ödənilir”.
X.Kərimli məşğulluqla bağlı məqamları da izah edib:
“Ünvanlı sosial yardım alan şəxsə həmin dövrdə məşğulluq xidməti tərəfindən iki dəfə münasib iş təklif olunarsa və o, bu işlərdən əsassız şəkildə imtina edərsə, sosial yardım dayandırıla bilər. Burada “münasib iş” dedikdə, şəxsin yaşadığı əraziyə, ixtisasına və imkanlarına uyğun iş nəzərdə tutulur. Yəni, şəxsə 500 kilometr uzaqlıqda iş təklif olunmur, daha çox yaşadığı rayona və şəraitinə uyğun iş nəzərə alınır. Ümumilikdə isə əsas prinsip ondan ibarətdir ki, ünvanlı sosial yardımın verilməsi işləyib-işləməməkdən birbaşa asılı deyil. İşləyən şəxslər də bu yardımı ala bilər. Sadəcə onların rəsmi gəliri hesablamaya daxil edilir. Məsələn, bir şəxs işləyirsə və 400 manat maaş alırsa, bu məbləğ ailənin ümumi gəlirindən çıxılır. Əgər ailə üzvlərinin sayı çoxdursa və gəlirlər yaşayış minimumundan aşağı qalırsa, bu halda həmin fərq üzrə sosial yardım təyin oluna bilər”.

