
“Qarabağ” Çempionlar Liqasında yeni mövsümə qələbə ilə başladı.
Gözlənildiyi kimi, İrlandiya təmsilçisi ”Şelburn” “Qarabağ”a ciddi problem yarada bilmədi.
Hər nə qədər İrlandiyada çempionatın qızğın cağı olsa da, “Şelburn” “Qarabağ”a qədər Çempionlar Liqasında 2 oyun keçirsə də, bunların hamısı səviyyə fərqinin içində itib-batdı.
“Qarabağ”la İrlandiya çempionunun oyunçuları arasında fərdi ustalıq baxımından müqayisəyə gəlməz fərq var.
Məsələn, bir neçə epizodda “Qarabaöğ”ın müdafiə xətti səhvə yol verdi, “Şelburn”ın futbolçuları isə bunlardan istifadə edə bilmədi.
Təbii ki, belə səhvləri “Lex”, “Ludoqorets” və ya “Dinamo Zaqreb”lə oyunlarda etsən, bağışlanılmayacaqsan. İrlandiyadakı qarşılaşma sanki “Qarabağ”ın Avstriya toplanışında keçirdiyi yoxlama oyunlarının davamı idi.
Bizə Benzia, Veşoviç və Partik Andrade kimi əsas fiqurların gedişindən sonrakı “Qarabağ”ı, xüsusən yeni transferləri görmək maraqlı idi.
Qurban Qurbanov yenilərdən braziliyalara - cinah müdafiəçisi Dani Bolt və yarımmüdafiəçi Pedro Bikalyoya Dublində şans vermişdi.
İlk rəsmi oyunları olsa da, pis təsir bağışlamadılar. Amma yenə bayaqkı fikirə qayıdıram ki. “Şelburn” kimi rəqiblə oyunda futbolçunun bacarağına, potensialına qiymət vermək düz olmaz.
Biz həm bu. həm də digər yeni transferləri Avropada irəlilədikcə, daha samballı rəqiblərlə oyunda görüb, biləcəyik. Bu sözlər Nəriman Axundzadə ilə Emmanuel Addayiyə də aiddir.
“Şelburn”la matçda onlar “Qarabağ”ın ən yaxşılarından idi. Mediada aramsız tənqid olunan bu futbolçular əgər özlərinə tələbkar yanaşıb belə artırıblarsa, çox əla!
Yox, “Şelburn” futbolçularının zəifliyi onlara meydanda belə əl-qol açmağa imkan verirdisə, onda tərifləməyə tələsməyib, qarşıdakı görüşləri də gözləmək laızmdır.
Nərimanı bir dəfə “Braqa” ilə oyundan sonra göylərə qaldırmışıq, o vaxtdan əziyyətini özü də çəkir, biz də.
“Qarabağ” həm oyunu, həm də vurduğu 3 cavabsız qolla “Şelburn”un burnunu ovaraq növbəti mərhələyə vəsiqənin taleyini elə ilk oyundaca 99 faiz həll etdi.
Çempionlar Liqasında üçüncü mərhələyə yüksəlmək həm də ən pis halda Konfrans Liqasının qrupunda - yeni formatla desək, liqa mərhələsində yerini təmin etmək deməkdir.
Amma Konfrans Liqası biizm ucun təsəlli liqasıdır.
Hələ qarşıda “Qarabağ” və Azərbaycan futbolu haqqında özündənrazı, bir qədər də dikbaşçasına açıqlamalar verən Cici Bekalinin komandasıyla duellər var.
Hərçənd Rumıniya çempionu ilk oyunda Şimali Makedoniya “Şkendiya”sına 0:1 hesabıyla uduzub. Onların əlindən sağ çıxsalar, Bakıda və Buxarestdə iki “ölüm-dirim savaşı” olacaq.
İlkin Fikrətoğlu