Mariana Vasilyeva haqda bunları bilirdinizmi? – Nazir müavinini daha yaxından tanıyaq

7 Dekabr 2021 17:00 Bizimkilər 1 242
Mariana Vasilyeva haqda bunları bilirdinizmi? – Nazir müavinini daha yaxından tanıyaq

Azərbaycan Gənclər və İdman Nazirliyində aparılan kadr islahatlarının nəticəsi kimi noyabrın 29-da ölkə Prezidentinin sərəncamı ilə Mariana Toteva Vasilyeva gənclər və idman nazirinin müavini vəzifəsinə təyin edildi.

Buna qədər gimnastika millisinin baş məşqçisi və Azərbaycan Gimnastika Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi görməyə alışdığımız əslən bolqar mütəxəssis bundan sonra nazir müavini səlahiyyətlərini icra edəcək.

Məlum qərardan sonra Vasilyevanın təyinatı ətrafında müəyyən narazılıqlar baş qaldırdı ki, əsas səbəblərdən biri onun idmansevərlərə lap yaxından tanış olmamasıdır.

Elə isə Mariana Vailsyevanı siz oxuculara nisbətən yaxından tanıdaq.

1974-cü ildə anadan olan Vasilyeva gənc yaşlarında vətəni Bolqarıstanda bədii gimnast kimi tanınıb. Bu idman növündə əldə etdiyi uğurlara görə Bolqarıstanda kifayət qədər tanınıb və sevilib.

2007-ci ildə Azərbaycan Gimnastika Federasiyasında məşqçi işləmək təklifi alıb ki, ailəsi ilə birgə Bakıya köçüb. 2009-cu ildə Azərbaycan Bədii Gimnastika Federasiyasının baş məşqçi təyin edilib.

Onun baş məşqçi təyin olunmasından sonra yeni nəsil gimnastların istər fərdi, istərsə də qrup yarışlarında beynəlxalq uğurlar qazanması, bəzi gənclərin üzə çıxması faktı çoxlarına tanışdır deyə, detallara varmağa gərək yoxdur.

Şəxsi və ailəsi ilə bağlı bir neçə maraqlı faktı xatırlatmaq yerinə düşər.

Artıq 15-ci ildir Azərbaycanda yaşayan Vasilyeva və ailə üzvləri (həyat yoldaşı ilə iki qız övladı) Bolqarıstan vətəndaşlığını qorumaqla, həm də Azərbaycan vətəndaşlığını daşıyır.

Həyat yoldaşı Kamen Vasilyev futbol ictimaiyyətinə yaxşı tanışdır. Vaxtilə “Bakı”nın Futbol Akademiyasında çalışmış və qısa müddət Mahir Emrelinin məşqçisi olmuş mütəxəssis artıq xeyli vaxtdır “Zirə”də fəaliyyət göstərir.

Vailsyevanın 1996-ci il doğumlu böyük qızı Siyana gimnastikada ilk addımlarını Bolqarıstanda atsa da, karyerasını 2008-ci ildən Azərbaycanda davam etdirib və 2011-ci ildə milli komanda dəvət alıb.

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasını bitirən xanım gimnast 2015-ci ildəki Avropa Oyunlarında Azərbaycanı təmsil edib.

Mariana Vasilyeva və ailə üzvləri Azərbaycan dilini tam şəkildə başa düşür, hətta müəyyən mənada danışıq bacarığına malikdirlər. Hal şahidlərinin məlumatına görə, nazir müavinin qızları özlərini bakılı hesab edir.

HƏBİB / SPORTİNFO.AZ

Digər Xəbərlər
Xəbər Lenti