COP29

“Yeni aldığımız oyunçu iki gündür buradadır, uyğunlaşma prosesini hələ keçə bilməyib”

31 Oktyabr 04:10 Basketbol 233
“Yeni aldığımız oyunçu iki gündür buradadır, uyğunlaşma prosesini hələ keçə bilməyib”

"Naxçıvan"a qarşı oyunun çətin olacağını bilirdik".

Sportinfo.az xəbər verir ki, bunu "Sərhədçi"nin baş məşqçisi Evren Alkaya Azərbaycan Basketbol Liqasının III turunda, A qrupunda "Naxçıvan"la keçirilən oyundan sonra klubun mətbuat xidmətinə açıqlamasında bildirib.

Mütəxəssis müdafiədə bəsit səhvlərə yol verdiklərini vurğulayıb:

“Naxçıvan” komandası bizdən daha əvvəl toplandı. Ötən mövsüm də heyətdə oynamış iki basketbolçunu saxladıqları üçün sistemi rahat qura bildilər. Əslində oyuna çox yaxşı başladıq. Amma müdafiədə bəsit səhvlər etdik. Hücumlar zamanı oyunçu yerdəyişmələrində ciddi xətalara yol verdik. Rəqib də bundan istifadə edib 3 xallıq atışlarla önə keçdi. Yaxşı müdafiə olunmamaq səbəbindən hücum və müdafiə intizamını qoruya bilmədik".

E.Alkaya qarşıdakı aylarda çempionatın ən yaxşı komandalarından birinə çevriləcəklərini söyləyib:

"Lazımi oyunçu dəyişikliklərindən sonra daha yaxşı oynayacağıq. Oyunçularımızın üst səviyyəyə çatacağına inanıram. Yeni aldığımız basketbolçu da iki gündür buradadır və uyğunlaşma prosesini hələ keçə bilməyib. Qarşıdakı bir ayda hazırlaşıb liqanın ən yaxşı komandalarından birinə çevriləcəyik. Komanda olmaq elə də asan deyil. 10-12 basketbolçu bir yerə gəlib eyni şeyləri etməyə çalışır. Bunu qurmaq üçün də zaman lazımdır. Dediyim kimi, bir neçə oyunçu dəyişikliyi ilə komandanı yaxşı səviyyəyə çıxaracağıq. Çatışmazlıqları yaxşı gördük”.

Komandalar arasında "Sərhədçi" İdman Mərkəzində baş tutan görüşdə "Naxçıvan" 83:66 hesabı ilə qələbə qazanıb.

Xəbər Lenti