QANUNAUYĞUNLUQ

29 Noyabr 2019 21:10 Azərbaycan Futbolu 1 580
QANUNAUYĞUNLUQ

"Qarabağ" rəhbərliyinin yerinə olsam, bu gün heyətdə olan legionerlərin müqavilələri başa çatan kimi əməkdaşlığı dayandırıram. Azərbaycan futbolunun bugünkü durumuna xarakterik bir heyət formalaşdırıb buraxaram çempionata, vəssalam. Zatən indiki heyətlə də yenidən Azərbaycan çempionu olacaqlarına kimdəsə şübhə yoxdu.

Günah özlərindədi ki, daim tv-dən izlədiyimiz Dortmund "Borussiya"sı, "Tottenhem", "Monako", "İnter", "Arsenal", "Çelsi", "Atletiko", "Roma" və "Sevilya" kimi dünya nəhənglərinin Bakıya gəlməsinə vasitəçi olublar. Öz də bu klubların Bakıya ölkə futbolunun xarabazara çevrildiyi bir məqamda gətirilməsi...Azərbaycan futbolunun sahiblərinə əsl futbol lazım deyil.

İndiyədək "Qarabağ"ın kölgəsində gizlənənlər, indisə "Qarabağ"ın uğursuzluğuna daxilən inanılmaz formada sevinmək, şadyanalıq qurmaq, trollara sosial şəbəkələrdə statuslar yazdırmaq, 3-5 manatlıq satqınları klubun üstünə "qısqırtmaq" və.s. kimi xain əməllər Azərbaycan futbolunun real mənzərəsinin faktiki görüntüsüdü. Günah həmişə öləndə olur!

Azərbaycan futbolunun "varını-yoxunu ağlar qoyanlara" bir kəlmə tənqid yaza bilməyənlər indi mütəxəssis olublar. Ağalarının çaldığı havaya qol qaldıran qulların bu gün sosial şəbəkələrdə "Qarabağ"a şəbədələr qoşması xainlərin öz beyinlərinin məhsulu deyil, göstəriş yiyələrindən gəlir.

Qurban Qurbanovun transfer siyasətinin uğursuzluğu, APOEL-ə, xüsusən Tomas Dolla şəxsi məğlubiyyətləri fonunda İspaniyadan xalla qayıtması möcüzə olardı ki, bəxtimizdən bu anlayış Azərbaycan futboluna daim yad olub. Əksinə, möcüzə eləməyin astanasında olduğumuz son saniyələrdə hər zaman ağzımızdan vurub, tamahımızı itiləməməyi öyrədiblər bizə.

İndi elə mənzərə yaranıb ki, sanki "Makkabi"nin qanına bələdiyi, kənd komandası "Sioni" və digər gürcü klublarının payını verdiyi, İsrailin sıradan bir komandasının qapazaltı elədiyi klublar bizimdir, bizim olub, "Qarabağ" yox. Yıxılana balta vurmaq şərəfsizlikdir. Yaltaqlıq, satqınlıq isə ondan da betər!

"Qarabağ" bu qrupdan çıxmalı idi, bəli, mən də elə fikirləşirdim. Buna son illərdə heç olmayan qədər real şans var idi, deyirdik. Amma heç düşünürdükmü nə ilə və necə? Hətta karyerasının ikinci-üçüncü dövrəsini vurmuş legionerlərin belə, ölkəmizə gəlmək istəməmələri ilə? Heyətə edilən transferlər ciddi müzakirə mövzusudu, bəli. Sadəcə, bir məsələ maraqlıdı: indi sizin sözünüzdən belə çıxır ki, "Qarabağ" uğur qazanmağı, daha yuxarı yerlərə getməyi istəmir? Düzgün məntiq, sağlam müqayisə bunu demir axı.

Ağızları təmiz havaya açıb danışmaq o qədər asandı. Hətta o qədər ki...Azərbaycan futbolunun mövcud fiaskosunu, real biabırçılığını, kiçik bazara çevrilən məhəllə çempionatını unudub "Qarabağ"ı o qədər böyütmüşük ki, bu qrupdan çıxmalı yox, buna borclu olduqlarını deyirdik. Gör e, a kişi, 8 komandalı çempionatda məqsəd-məramı elmə naməlum "Səbail", "Sabah", "Zirə", "Keşlə", sabahı bilinməyən "Qəbələ", özünün ağ-qara dünyasında itib-batmış "Neftçi" və AFFA-nın şəxsi biznesinə, dost-tanış klubuna çevirdiyi "Sumqayıt" kimi klublarla mini-yarışda tək ayaqla, yeriyə-yeriyə çempion olan komandadan Avropanın 30-40 ən güclü klubunun arasına düşməyi tələb edirik. Paradoks!

P.S. "Qarabağ"ın qrupda qalması sadaladığım faktorlara görə hər mənada ədalətli, qanunauyğun və hələ Azərbaycan futbolunun real görüntüsündən bir baş da üstündü.

Elvin ƏHƏD

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"