AFFA rəhbərliyi sponsorları ölkə futbolundan belə uzaq sal(ıb)ır

4 May 2022 22:40 Azərbaycan Futbolu 891
AFFA rəhbərliyi sponsorları ölkə futbolundan belə uzaq sal(ıb)ır

Son illər AFFA rəsmiləri şablon iddia səsləndirillər ki, bəs bizim qapılar yeni sponsorlara, iş adamlarına hər zaman açıqdır. Amma gələn, öz köməyini təklif edən yoxdur.

Bizlər də hər zaman buna cavab olaraq bildiririk ki, sponsorların, iş adamlarının klublarımıza yatırım etməməsinin tək səbəbi elə hazırkı AFFA rəhbərliyinin apardığı yanlış siyasətdir.

Ki, klublar maksimum federasiyadan asılı olmalı, bütün qərarlar eyni adamın beyninin məhsulu olmalıdır.

AFFA yarıtmaz siyasətini dünənin və ya bu gün yox, illərdi davam etdirir. Bunun növbəti dəfə əyani sübutunu "Turan"nın təsisçisi və sabiq prezidenti Vidadi Əhmədovun mətbuata açıqlamasında şahidlik etmiş olduq.

SİTAT: "2 il öncə idi. Onda “Turan Tovuz” çempion olmuşdu. Halal zəhməti ilə premyer-liqaya gəlməyə haqq qazanmışdı. Dəqiq bilmirəm, deyəsən, klubun səhmləri AFFA-ya məxsusdu. Biz təklif irəli sürmüşdük ki, struktur dəyişikliyi olsun. Klubun səhmləri satışa çıxarılsın. 51 faiz yenə AFFA-ya məxsus olsun. Qalanı isə tovuzlu iş adamlarına satılsın. Hərə öz istədiyi qədər hissəni pul qarşılığında alsın. Bunu həm Açıq Səhmdar Cəmiyyət, həm də Qapalı Səhmdar Cəmiyyət kimi də yaratmaq olar. 51 faizlə AFFA əsas söz sahibi ola bilərdi. Burda bir məqsədimiz var idi ki, maliyyə çatışmazlığını aradan qaldıraq. Bundan əlavə, “Turan Tovuz”un gələcəkdə yaşamasına şərait yaradaq. Amma Elxan Məmmədov təklifimizlə razılaşmadı".

Gördüyünüz kimi AFFA rəhbərliyi klubun bütün səlahiyyətlərini sponsorlara həvalə etmək bir yana, heç səhimlərin yarısından azının belə əlindən çıxmasına razılaşmaq istəyində deyil. Belə olan halda hansı ağıllı iş adamı öz milyonlarını futbola xərcləyər? Heç kim. Və buna görə də hansısa biznesmeni, iş adamını qınamağa dəyməz.

XANOĞLAN İMANOV

Digər Xəbərlər
Xəbər Lenti