Premyer Liqada daha bir mövsüm bu həftə sona çatacaq.
Son turun 3 görüşü Sumqayıtda keçiriləcək.
"Kəpəz", "Araz-Naxçıvan" müvəqqəti olaraq rəqiblərini bu şəhərdə qonaq edir.
Şəhərin sahibi olan eyni adlı komandası isə "Qarabağ"la üz-üzə gələcək.
Digər iki matçdan fərqli olaraq bu görüşə xüsusi maraq olacağı sirr deyil.
Düzdü, hansısa tərəfin hər hansı iddiası qalmayıb.
Amma olduğu yerdən, qarşısına qoyduğu hədəflərdən asılı olmayaraq Ağdam klubunun Sumqayıtdakı matçları hər zaman azarkeşlərin izdihamına səhnə olur.
Bəs bu dəfə vəziyyət necədir?
Son məlumatları Sportinfo.az-a açıqlamasında "Sumqayıt"ın mətbuat xidmətinin rəhbəri Zaur Xudiyev tam detallı bildirib:
"19 may axşamüstü biletlər satışa çıxarıldı. Birinci mərhələdə 10 sektor üzrə satış aparılır. 3 və 13-cü sektorları əhatə edir. Bura 2-3-5-10 manatlıq biletlər daxildir.
Azarkeşlərin zövqünə, maddi durumuna uyğun bütün seçim imkanı yaradılıb. Qapı arxası sektorlar, mərkəz və künc bayrağı tərəfdə olan sektorlara biletlər satışa çıxarılıb.
İlkin mərhələdə 2000 bilet satılıb. Sayın artacağını ehtimal edirəm. Tələb artdıqca biz də yeni sektorlar təklif edəcəyik.
İşin bu cür qurulmasında məqsəd azarkeşlərin daha kompakt olmasını təmin etməkdir.
Azarkeşlərimizdən dəstək gözləyirik. Sosial şəbəkələrdə, şəhərin müxtəlif yerlərində olan monitorlarda elanlarımız var. Mövsümün son ev oyununda tərəfdarlarımızın yolunu gözləyirik.
Enişli-yoxuşlu bir qrafikimiz oldu. Fanatların ümidlərini tam doğrulda bilmədik. Amma yenə onları gözləyəcəyik. Bir yerdə mövsümü başa vuraq. Gələcəkdə daha yaxşı işlərlə qarşılarında olacağıq".
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda keçirilcək "Sumqayıt" - "Qarabağ" matçı 24 may saat 19:30-da start götürəcək.
XANOĞLAN

